"Putin itdən qorxduğumu bilirdi, amma Soçidə..." - Merkel özünü necə ələ aldığından danışdı
Görünür, 70 yaşlı Merkelin Almaniya lideri kimi 16 il ərzində verdiyi əsas qərarlarla bağlı heç bir ciddi narahatlığı yoxdur
Keçmiş Almaniya kansleri Angela Merkel “Freedom” (“Azadlıq”) kitabında Vladimir Putinin illər ərzində keçirdiyi “güc oyunlarını”, Barak Obama və Donald Trampla ziddiyyətli görüşlərini xatırladıb və “Breksit”in qarşısını almaq üşün hər şeyi edib-etmədiyi ilə bağlı özünü sorğulayıb.
SAVASHMEDİA.az xəbər verir ki, “Associated Press” (AP) kitabdan maraqlı məqamlara diqqət çəkib.
AP yazır ki, görünür, 70 yaşlı Merkelin Almaniya lideri kimi 16 il ərzində verdiyi əsas qərarlarla bağlı heç bir ciddi narahatlığı yoxdur. “Azadlıq” kitabı onun kommunist Şərqi Almaniyadakı erkən həyatı və quru hazırcavablığı ilə bağlı siyasi karyerası haqqında faktiki məlumat təqdim edir.
Agentlik xatırladıb ki, Merkel dörd ABŞ prezidenti, dörd Fransa prezidenti və beş Britaniya baş naziri ilə birlikdə çalışıb. Ancaq 2021-ci ilin sonunda vəzifəsini tərk etdikdən sonra ən çox diqqət çəkən məhz onun Rusiya prezidenti Putinlə münasibətləri olub.
Putinin qorxulu oyunları
Merkel 2007-ci ildə ev sahibliyi etdiyi G8 sammitində Putinin onu necə gözlətdiyini xatırlayıb: “Əgər dözə bilmədiyim bir şey varsa, o da qeyri-punktuallıqdır”.
Və o, həmin ildə Rusiyanın Qara dəniz sahilindəki Soçi kurortuna səfəri zamanı foto çəkdirərkən haradansa Putinin Labrador cinsli itinin peyda olduğunu xatırladıb. Halbuki, Putin Merkelin itlərdən qorxduğunu bilirmiş.
Merkelin sözlərinə görə, həmin vəziyyət, görünür, Putinin xoşuna gəlirdi. Odur ki, kansler bu məsələni qaldırmayıb, çünki tez-tez etdiyi kimi, “heç vaxt izah etmə, heç vaxt şikayət etmə” şüarına sadiq qalıb.
O, yada salıb ki, Putin Sibirdəki taxta evlərə işarə edərək, orada “şirnikləndirməsi asan olan” kasıb insanların yaşadığını və oxşar qrupların ABŞ hökumətinin pulu ilə Ukraynadakı “narıncı” inqilabda iştirak etməyə təşviq edildiyini deyib. Putin əlavə edib: “Mən Rusiyada belə bir şeyə heç vaxt icazə verməyəcəyəm”
Merkel etiraf edib ki, Putinin 2007-ci ildə Münhendəki çıxışında özündənrazılığı onu qıcıqlandırıb. Həmin çıxış Putinin ABŞ ilə daha yaxın əlaqələr qurmaq cəhdlərindən üz döndərdiyini nümayiş etdirirdi.
Merkel keçmişdə olduğu kimi, özünün də vasitəçi kimi iştirak etdiyi, Ukraynanın şərqində geniş şəkildə tənqid edilən 2015-ci ildə sülh sazişini, habelə hökumətinin Rusiyadan böyük həcmdə təbii qaz almaq qərarını müdafiə edib. Eks-kansler iddia edib ki, hakimiyyətdən getməsinə qədər Moskva ilə diplomatik və ticarət əlaqələri saxlamaq düzgün idi.
Obama və Tramp
Obama 2008-ci ildə göstərdi ki, onlar birlikdə yaxşı işləyə bilərlər. Səkkiz ildən çox keçəndən sonra – 2016-cı ilin noyabrında prezident kimi sonuncu səfəri zamanı Obama Merkelin dördüncü müddətə namizəd olub-olmayacağını müzakirə etdiyi şəxslərdən biri olub.
Merkelin sözlərinə görə, Obama suallar verirdi, lakin öz fikrini saxlayırdı və bu, özlüyündə faydalı olurdu. "Avropanın hələ də məndən çox yaxşı istifadə edə biləcəyini söylədi, amma sonda "siz öz hisslərinizə əməl etməlisiniz" tövsiyəsini verdi, - deyə Merkel yada salıb.
O, qeyd edib ki, 2016-cı il seçki kampaniyasında Merkeli və Almaniyanı tənqid edən Trampa qarşı belə bir isti münasibəti olmayıb. Merkel deyir ki, o, bütün təxribatlara reaksiya vermədən Trampla adekvat münasibət axtarmağa məcbur olurdu.
Trampın ilk hakimiyyəti dövründə, 2017-ci ilin martında Merkel Ağ Evə səfər edərkən yöndəmsiz məqamla qarşılaşır. Fotoqraflar “əl sıx!” deyə qışqıranda Merkel sakitcə Trampdan “Əl sıxmaq istəyirsənmi?” deyə soruşub. Qollarını qatlayaraq irəli baxan Trampdan heç bir cavab gəlməyib.
İndi Merkel öz reaksiyasını günahlandırır. "O, davranışı ilə müzakirə mövzusu yaratmaq istədi, mən isə özümü sanki normal davranan biri ilə məşğul olan kimi aparırdım”.
Sonrakı illərdə onda belə təssürat yaranıb ki, Tramp avtokratik və diktator xarakterli siyasətçilər tərəfindən yoldan çıxarılırdı. O, əlavə edib ki, Putin, görünür, Trampı “heyran edib”.
Breksitdən qaçmaq olardımı?
Merkel deyir ki, o, Avropa İttifaqında (Aİ) o zamankı baş nazir Devid Kemerona kömək etməyə çalışıb, lakin imkanları məhdud olub. Kemeronun Aİ əleyhdarlarını sakitləşdirmək üçün onilliklər boyu göstərdiyi səylərə işarə edərək, Merkel qeyd edir ki, “Breksit”ə yol səhv hesablamanın nəticəsi ola biləcək xrestomatiya nümunəsidir.
2016-cı ildə britaniyalılar Aİ-ni tərk etməyə səs verdikdən sonra (bu nəticəni Merkel digər Aİ üzvləri üçün “alçaldıcı” adlandırıb) özünün Britaniyaya daha çox güzəştə getməli olub-olmaması sualı ona əzab verib.
“Mən belə nəticəyə gəldim ki, o zaman ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, Britaniyanın Avropa İttifaqından kənardan çıxmasının qarşısını almaq üçün mənim üçün ağlabatan variant yox idi”, - deyə Merkel yekunlaşdırıb.
Hakimiyyətdən imtina
Merkel öz istədiyi vaxtda hakimiyyətdən gedən ilk Almaniya kansleri olub. 2018-ci ildə beşinci müddətə namizəd olmayacağını açıqladı və “doğru zamanda getdiyini” söylədi.
Buna sübut kimi Merkel 2019-cu ildə çıxış edərkən bədəninin titrədiyi üç hadisəni xatırladıb. Merkel deyir ki, özü də hərtərəfli müayinədən keçib və heç bir nevroloji və ya digər anormallıq aşkar etməyib. Osteopat ona deyib ki, vücudu illər ərzində toplanan gərginliyi azad edir.
“Azadlıq” (“Freedom”) kitabı alman dilində “Kiepenheuer & Witsch” tərəfindən nəşr olunub. Kitab 700-dən çox səhifəni əhatə edir. Kitab ingilis dilində eyni vaxtda “St. Martin” nəşriyyatı tərədindən çap edilir.
Xatirə SADİQ