Gültəkin Hacıbəyli İstanbuldan AÇIQLAMA YAYDI - FOTO

Ramiz Mehdiyev işi çərçivəsində Azərbaycanda istintaqa dəvət olunan Milli Şura rəhbərlərindən biri Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır. 

Dec 3, 2025 - 22:40
Gültəkin Hacıbəyli İstanbuldan AÇIQLAMA YAYDI - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə öz sosial media hesabında geniş açıqlama yayıb.

Gültəkin Hacıbəylinin sözlərinə görə, noyabrın 29-da gecə saatlarında kirayədə qaldığı mənzilə 4 polis əməkdaşı gəlib və onu heç bir hüquqi əsas göstərmədən məcburi şəkildə geri göndərmə mərkəzinə aparıblar. O bildirir ki, 25 sentyabrda Türkiyəyə, təhsil alan oğlunun yanına gəlib, üç aylıq vizası hələ bitməyib və üstəlik, iki illik oturum izni də mövcuddur. Öz ifadəsinə görə, Türkiyədə qaldığı müddətdə heç bir qayda pozuntusuna yol verməyib.

G. Hacıbəyli yazır ki, hazırda onu "xarici terrorçulara tətbiq olunan G-82 maddəsi ilə" nəzarətdə saxlayırlar. Bu maddə adətən “ictimai təhlükəsizliyə təhdid yaradan şəxslərə” qarşı istifadə olunur və Türkiyədən deportasiyanı nəzərdə tutur. Onun iddiasına görə, hazırda Azərbaycana təhvil verilməsi üçün hazırlıq gedir.

Gültəkin Hacıbəylinin bildirdiyinə görə, məsələ artıq Avropa Məhkəməsinə çıxarılıb və vəkili vasitəsilə Türkiyədə də məhkəmə prosesləri başlayacaq.

O, Türkiyə hakimiyyətinə müraciət edərək belə yazıb:

“Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd qərar qəbul etməyin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən deputat olmuşam, siyasi fəaliyyətimdə heç bir qanun pozuntusu yoxdur. Məni "xarici terrorçu" kimi deportasiya etmək yolverilməzdir”.