“Putinlə söhbət xoş olmadı, telefon zənginin ertəsi gün...” – Almaniya kansleri

Almaniya kansleri Olaf Şolts növbəti dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonda danışmasına haqq qazandırmağa çalışıb.

Nov 26, 2024 - 15:26
“Putinlə söhbət xoş olmadı, telefon zənginin ertəsi gün...” – Almaniya kansleri

SAVASHMEDİA.az xəbər verir ki, kansler bunu “ZDF” telekanalına müsahibəsi zamanı edib. 

Şolts qeyd edib ki, 2022-ci ilə qədər Rusiya lideri ilə dəfələrlə telefonda danışıb. 

“Və bunlar heç vaxt xoş söhbətlər olmurdu. Bu dəfə də xoş söhbət olmadı. Amma bunu eşitmək üçün belə danışmaq lazımdır”, - deyə kansler iddia edib.

Onun sözlərinə görə, Almaniyada sadə bir telefon zənginin ertəsi gün sülh gətirəcəyinə inananlar var. Ancaq bu, əlbəttə ki, belə deyil.

Şolts bildirib ki, son telefon danışığında Rusiya liderinə “dəstəyimizi azaldacağımızı gözləməyin. Siz bu müharibədən çıxış yolu tapmalısınız. Hücumlarınızı dayandırmalı və qoşunlarınızı geri çəkməlisiniz” kimi arqumentlərini təkrarlaması çox vacib idi.

Xatırladaq ki, noyabrın 15-də günortadan sonra məlum oldu ki, Şolts son iki ildə ilk dəfə Putinlə danışıb. 

Bu hadisə həm Ukraynada, həm də Qərbdə sərt tənqidlərə səbəb oldu. Ukrayna prezidenti Volodimir Zelenski bu telefon zəngini “Pandora qutusu”, Almaniya müxalifəti isə “Şoltsun 60 dəqiqəlik biabırçılığı” adlandırdı. 

Xatirə SADİQ