“Avropanın cavabı son dərəcə aqressiv ola bilər” – fransalı nazir
“ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinə Avropanın reaksiyası son dərəcə aqressiv ola bilər”.
SAVASHMEDİA.az “Le Figaro”ya istinadən xəbər verir ki, bunu Fransanın xarici ticarət məsələləri üzrə naziri Loran Sent-Marten deyib.
Sent-Marten “məcburiyyətə müqavimət aləti” xatırladıb. O, bildirib ki, Avropa İttifaqında (Aİ) hələ bu alətdən heç vaxt istifadə olunmayıb.
“Biz (Amerika) mal və xidmətlərə münasibətdə hər hansı variantı istisna etməməliyik və Avropa alətlər qutusunu açmalıyıq. Bu, çox həcmli və cavab olaraq son dərəcə aqressiv ola biləcək”, - deyə fransız nazir vurğulayıb.
Qeyd edək ki, Trampın birinci prezidentlik müddətindən sonra hazırlanmış “məcburiyyətə müqavimət aləti” kvota və tariflər və ya xarici investisiyalara məhdudiyyətlər kimi ticarət ayrı-seçkiliyinə cavab vermək üçün geniş tədbirlər tətbiq etməyə imkan verir.
Tariflərin tətbiq olunmasından sonra Tramp bildirib ki, əgər digər ölkələr “fenomenal” nəsə təklif etməyi bacarsalar, tarifləri aşağı salmağa hazırdır.
Xatirə SADİQ