Avropanın Zelenskini qucaqlaması Trampı qeyzləndirir – “Politico”

Oval kabinetdəki qalmaqaldan sonra Avropa Ukrayna prezidenti Volodimir Zelenskini “qucaqlayanda” onun amerikalı həmkarı Donald Tramp əsəbiləşib. 

Apr 16, 2025 - 16:07
Avropanın Zelenskini qucaqlaması Trampı qeyzləndirir – “Politico”

SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir. 

Nəşr yada salıb ki, ABŞ prezidenti Donald Trampla mübahisədən iki gün sonra Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı kral III Çarlzın ziyarətinə gedib və onunla şəkil çəkdirib.

Bu, Britaniyanın baş naziri Kir Starmerin ABŞ prezidenti Donald Trampa britaniyalı monarxı görmək üçün dəvəti təqdim etməsindən bir neçə gün sonraya təsadüf edib. Belə görüşlər kral sarayları tərəfindən təşkil edilir, lakin bir qayda olaraq, Böyük Britaniya hökuməti ilə razılaşdırılır.

Nəşrin məlumatına görə, Tramp həmin gün baş verən hadisələrdən – təkcə Zelenskinin kralı ziyarətindən deyil, həm də Avropanın onu “qucaqlamasından” məyus olub. 

Britaniya məmurunun sözlərinə görə, bütün bu “məhəbbət oyunları”nın necə görünməsi Tramp komandasının xoşuna gəlməyib. Məmur güman edir ki, məhz ABŞ-nin reaksiyası Britaniyanı sonrakı günlərdə danışıqlar masasına oturması üçün Ukraynaya daha çox təzyiq göstərməyə vadar edib.

Zelenskinin həmin axşam Böyük Britaniyanı tərk etmədən öncə London Stansted hava limanındakı kiçik otaqda jurnalistlərə 72 dəqiqəlik müsahibə verməsi isə Trampı daha da qəzəbləndirib. Həmin brifinq zamanı  Zelenski sülh müqaviləsinin hələ də “çox, çox uzaqda” olduğunu bildirmişdi. 

Bəzi məmurlar hesab edir ki, məhz bu, Trampı cəmi 24 saat sonra Ukraynaya hərbi yardımı kəsməyə vadar edən “tətik” olub.

Xatirə SADİQ