Avtobuslarda gedişhaqqı artırılacaq - Taksi və metroda da bahalaşma gözlənilir
Məlum olduğu kimi, Tarif Şurasının son qərarı ilə Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1.10 manatdan 1.15 manata, dizelin qiyməti 1 manatdan 1.10 manata qaldırılıb.
Bu isə ilk günlərini yaşadığımız 2026-cı ildə ictimai nəqliyyatda və yükdaşımalarda artımların olacağı ehtimalını gücləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycanda ictimai nəqliyyat üçün istifadə olunan avtobus parkının yanacağa görə strukturuna nəzər saldıqda bahalaşmanın qaçılmaz olduğunu təxmin etmək olar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqladığı son statistik məlumata görə, ölkədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin 3 731 ədədini dizel mühərrikli avtobuslar, 1 337 ədədini sıxılmış təbii qaz ilə işləyən avtobuslar təşkil edir. Elektriklə işləyən avtobusların sayı isə 166 ədəddir.
Beləliklə dizellə işləyən avtobusların təxmini faiz payı 71 faiz təşkil edir. Düzdür, son illər Bakıda dizellə işləyən avtobuslar elektrik nəqliyyat vasitələri ilə əvəzlənib. Bununla belə, dizellə çalışan avtobuslar hələ də əhəmiyyətli çoxluğu təşkil edir.
Bakıda fəaliyyət göstərən avtobusların isə 26%-i sıxılmış təbii qazla çalışır. Elektrik avtobusların ümumi payı isə 3%- i keçmir.
Göründüyü kimi, dizel mühərrikli avtobuslar hələ də ümumi avtobus parkının əhəmiyyətli hissəsini təşkil edir. Yükdaşıma sektorunda isə dizellə çalışan nəqliyyat vasitələrinin nəzərəçarpan üstünlüyü mövcuddur. Bu isə logistik xərcləri artırmaqla yanaşı, həm məhsulların, həm də xidmətlərin qiymətində bahalaşmaya səbəb olacaq.
Aİ-92 benzinin 5 qəpik bahalaşması isə xüsusi ilə taksi sektorunda qiymət artımlarına səbəb olacaq.
Bakı Metropoliteninin mövcud şərtlərdə zərərlə işlədiyinə dair son rəsmi açıqlamalar isə metroda da gedişhaqqının artacağını düşünmək üçün əsas yaradır.
Oğuz