Azərbaycan səfirliyi Moskvaya xəbərdarlıq edib – “Yolverilməzdir…”

Azərbaycanın Rusiyadakı səfirliyi diplomatik kanallar vasitəsilə Rusiya tərəfini Prezident İlham Əliyevin barəsində təhqiramiz ifadələrin yolverilməz olduğu barədə xəbərdarlıq edib. 

Jan 10, 2025 - 10:42
Jan 10, 2025 - 11:04
Azərbaycan səfirliyi Moskvaya xəbərdarlıq edib – “Yolverilməzdir…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan səfirliyindən bildirilib.

Məlumata görə, bu xəbərdarlıq rusiyalı politoloq Vladimir Karasevin bəyanatlarından sonra Rusiya tərəfinə edilib. 

Səfirlik qeyd edib ki, onlar Rusiya tərəfini gələcəkdə belə hadisələrin təkrarlanmasının qarşısını almağa çağırıblar. “Biz vəziyyəti izləməyə davam edirik”, - deyə səfirlikdən nəzərə çatdırılıb.
 
Rusiya KİV-i diqqəti Karasevin “telegram” kanalına cəlb edib. Bu politoloqun kanalının təsvirində deyilir ki, o, Rusiya İctimai Palatasının nəzdində yeni subyektlərin inteqrasiyası üzrə koordinasiya şurasının üzvüdür. Amma bu qurumun saytında Karasev üzv kimi göstərilməyib.

Kreml Karasevin bəyanatlarından xəbərsiz olduğunu bildirib. “Əlbəttə, Rusiya dövlətinin xarici siyasəti Rusiya prezidenti tərəfindən formalaşdırılır və müəyyən edilir və Xarici İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinin koordinasiyası ilə digər idarələr tərəfindən həyata keçirilir. Bax buna əsaslanmaq lazımdır”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” təyyarəsinin qəzaya uğramasında qətiyyətlə Rusiya nümayəndələrini ittiham edib. Dövlətimizin başçısı ölkəmizdən üzr istənilməsini, bu cinayətə yol verənlərin məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb edib. Onun haqlı mövqeyi qarşısında Rusiya prezidenti Vladimir Putin faciədən 3 gün sonra ölkəmizdən üzr istəməyə məcbur oldu. İlham Əliyevin dövlətimizin və xalqımızın milli maraqlarına cavab verən qətiyyətli addımını həzm edə bilməyən Rusiyanın şovinist dairələrinin gücü isə yalnız Karasev kimilərinin tərbiyəsiz və ədəbsiz davranışına çatır. 

Xatirə SADİQ