Livanda ordu rəisi prezidenti seçildi

İki ildən çox davam edən siyasi böhrandan sonra Livan parlamenti ordunun Baş Qərargah rəisi general Cozef Aunu ölkə prezidenti seçib.

Jan 10, 2025 - 11:26
Livanda ordu rəisi prezidenti seçildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Səsvermənin ikinci turunda general Aun mümkün 128 səsdən 99 səsi alaraq prezident seçilmək üçün lazımi səs çoxluğunu təmin edə bilib.

İnauqurasiya nitqində seçilmiş prezident Livan üçün yeni mərhələnin başlandığını elan edib. O, sərhədləri qorumaq, terrorizmlə mübarizə, beynəlxalq qətnamələri yerinə yetirmək və İsrailin hücumlarının qarşısını almaq üçün orduya sərmayə qoyacağını vəd edib. Aun həmçinin korrupsiya ilə mübarizənin vacibliyini vurğulayaraq, cinayətkarlar üçün toxunulmazlığın olmayacağını bildirib.

Aun vəd edib ki, dövlətin silah daşımaq üçün müstəsna hüququnun olmasını təmin etmək üzərində çalışacaq. Onun bu vədi gurultulu alqışlarla qarşılanıb. Bu zaman  öz silahlı qüvvələrini idarə edən “Hizbullah”dan olan millət vəkilləri sakit oturublar. 

General Aun noyabr ayında Vaşinqton və Parisin vasitəçiliyi ilə “Hizbullah” və İsrail arasında atəşkəsin dəstəklənməsində əsas rol oynayıb. Şərtlərə görə, İsrail qoşunları və “Hizbullah” qüvvələrini geri çəkərkən, Livan ordusu ölkənin cənub ərazisinə yerləşdirilməlidir.

ABŞ prezidenti Co Bayden yeni seçilmiş prezidentə etimad göstərərək, onun atəşkəsin dəstəklənməsi və ölkənin yenidən qurulmasında əsas rolunu qeyd edib. İsrailin xarici işlər naziri Gideon Saar da qeyd edib ki, Aunun seçilməsi sabitliyə və mehriban qonşuluq münasibətlərinə töhfə verəcək.

Xatırladaq ki, Livanın əvvəlki prezidenti Mişel Aun 2022-ci ilin oktyabrında vəzifəsini tərk etmişdi. O vaxtdan bəri ölkə prezidentsiz qalmışdı. Yeni prezidentin seçilməsi daxili siyasi çəkişmələrə görə uzun müddət əngəllənmişdi. Prezidentin səlahiyyətlərini baş nazir Nəcib Mikati icra edirdi. 

Xatirə SADİQ