Azərbaycanda "seysmik sükut" pozulur, zəlzələlər qaçılmazdır - "Dəqiq yeri və vaxtı..."

Son günlər Azərbaycanın müxtəlif ərazilərində hiss olunan zəlzələlər qeydə alınıb. 

Oct 19, 2024 - 20:47
Azərbaycanda "seysmik sükut" pozulur, zəlzələlər qaçılmazdır - "Dəqiq yeri və vaxtı..."

SAVASHMEDİA.az xatırladır ki, son günlərin ilk zəlzələsi oktyabrın 15-də yerli vaxtla saat 19:03-də Biləsuvarda qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.

Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib. 

Ardınca 16 oktyabrda Ağdaşda baş verən zəlzələ 3.1 bal gücündə olub, yerli vaxtla 08:47-də qeydə alınıb.

Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmək olar? Yaxın zamanda zəlzələ gözlənilirmi? Ümumilikdə yaxın zamanlarda Azərbaycanda güclü zəlzələnin olma ehtimalı var?  

Bu sualları AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev News24.az-a açıqlamasında cavablandırıb:

"Son günlər Azərbaycanda , Cəlilabadda, Xəzər dənizində hiss olunan zəlzələlər baş verdi və ötən gün də daha bir zəlzələ baş vermişdir. Ümumiyyətlə bu ilin içində Azərbaycanda hiss olunan zəlzələlər baş verəcək və bu davam edir",

Mütəxəssis bildirib ki, güclü və dağıdıcı zəlzələlərin olması ehtimal olunmur, amma zəlzələrin olması mümkündür:

"Bir müddət idi ki, sakitlik hökm sürürdü, seysmoloji terminlə götürsək buna "Seysmik sükut" deyilir ki, bu da təhlükəli sayılır. Çünki həmin sükutdan sonra mütləq, hiss olunan zəlzələ olmalıdır və bu, qaçılmazdır. Amma təbii ki, yeri, gücü, zamanı, dərinliyi barədə geniş məlumat vermək olmur. 

Seysmologiyanın  bu baxımdan sirrli məqamları hələ də mövcuddur. Bir seysmoloq kimi qeyd edirəm, hesablarıma əsasən bu aktivlik il ərzində davam edəcək. Gördüyünüz kimi Türkiyədədə güclü zəlzələ baş verdi, Azərbaycanda da hiss olunan zəlzələnin olması mümkündür.

Ancaq güclü dağıdıcı zəlzələlərin olmasını deməzdim, çünki digər bölgələrlə müqayisədə Azərbaycanın dərinlikdə baş verən proseslərin surəti o qədər də intensiv deyil. Sakit Okeanın bölgəsi, Yaponiya, Flippin, Çin, Koreya, Avropa adasında olan Türkiyə, İtaliya, Yunanıstanla müqayisədə Azərbaycan ərazisinin sürəti o qədər də intensiv deyil. Ona görə güclü və dağıdıcı zəlzələnin baş verməsini düşünmürəm. Amma hiss olunan zəlzələləri  baş verməsi mümkündür. Çox güman ki, apardığım müşahidələrə əsasən 2025-ci ildə də aktivlik davam edə bilər".