“Heç kimin əvəzimizdən Putinlə danışmaq hüququ yoxdur, aydındır?” - Zelenski
“Heç bir ölkə və ya dünya lideri Ukrayna adından Rusiya ilə danışıqlar aparmaq hüququna malik deyil”.
SAVASHMEDİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski “Le Parisien” oxucuları ilə onlayn ünsiyyətində deyib.
Zelenski vurğulayıb ki, Ukrayna öz gələcəyini özü müəyyənləşdirir və heç bir başqa ölkənin və ya siyasi liderin şərtləri diktə etmək hüququ yoxdur.
“Mən təkidlə deyirəm ki, heç bir liderin Ukraynasız Putinlə danışıqlar aparmağa haqqı yoxdur. Biz bu mandatı heç vaxt heç kimə həvalə etməmişik. Fransada fransızlar, İtaliyada italyanlar və ya ABŞ-də amerikalılar özləri üçün nə istədiklərini bilirlər. Ukraynalılar da belədir”.
Prezident həmçinin Rusiya tərəfi ilə istənilən dialoq üçün ədalətli şərait yaradacaq sülh planının yaradılmasının vacibliyini qeyd edib. O deyib ki, sülhə nail olmaq yalnız Ukraynanın kifayət qədər güclü və beynəlxalq tərəfdaşların dəstəyinə zəmanətin olduğu təqdirdə mümkündür.
“Məsələ qarşınızdakı adamda deyil. Vacib olan danışıqlar zamanı hansı vəziyyətdə olmağınızdır. Düşünürəm ki, biz zəif mövqedə deyilik, amma güclü mövqedə də deyilik. Biz NATO-dayıq? Biz bilmirik. Biz Avropa İttifaqının bir parçası olacağıq? Bəli, bu olacaq, amma nə vaxt? Belə şəraitdə Putinlə danışıqlar masasına oturmaq bizim tərəfimizdən ona dünyanın bizim hissəmizdəki hər şeyi həll etmək hüququnu vermək demək olardı. Öncə bizə model, fəaliyyət planı və ya sülh planı yaratmaq lazımdır, bunu necə istəyirsiniz elə adlandırın. Sonra biz bunu Putinə, daha geniş mənada, ruslara təqdim edə bilərik” – deyə Zelenski əlavə edib.
Ukrayna dövlət başçısının sözlərinə görə, mövcud vəziyyət ukraynalıların təhlükəsizliyinə və uzunmüddətli sabitliyə zəmanət verən dəqiq strategiya tələb edir.
“Kim təminat verə bilər ki, Putin Ukraynaya qayıtmayacaq? Hansı ölkə öz təyyarələri və qoşunları ilə köməyimizə gələcək? Bu gün tərəfdaşlarımızın hərbi və maliyyə dəstəyi üçün ikitərəfli zəmanətlərə malikik. Amma Putin milyonlarla insanı ilə geri dönərsə, biz özümüzü təkbaşına yenidən müdafiə edə biləcəyikmi? Qadın və uşaqlarımızın ölümünü seyr edəcəyikmi? Bu, NATO-ya daxil olmaq məsələsi deyil, öz təhlükəsizliyini təmin etmək məsələsidir”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ