Zurabişvili Avropa Parlamentində od püskürdü - "Nəyi gözləyirsiniz? + VİDEO

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqını (Aİ) və Avropanı Gürcüstandakı böhranın həllinə kömək etmək üçün mümkün qədər tez hərəkət etməyə çağırıb.

Dec 18, 2024 - 15:02
Dec 18, 2024 - 15:05
Zurabişvili Avropa Parlamentində od püskürdü - "Nəyi gözləyirsiniz? + VİDEO

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu çağırışı Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı səsləndirib.

“Bu, Gürcüstan üçün həlledici vaxtdır. Biz özümüzü 1921-ci ildəki kimi hiss edirik. Biz vətəndaş qarşıdurmasına doğru gedirik, amma xalq bölünməyib. Bir tərəfdə Gürcüstan xalqı, digər tərəfdə isə hakimiyyətin repressiv aparatı dayanıb”, - Zurabişvili bildirib. 

O, qeyd edib ki, hakim partiya, ən azı, 2019-cu ildən bəri Rusiya yolu ilə gedir, bunun təzahürü “Qavrilov gecəsi” olub. 

Zurabişvili nəzərə çatdırıb ki, eyni zamanda “Gürcü arzusu” Avropaya doğru hərəkət etmək istədiyini göstərməyə məcbur idi, çünki hətta onun tərəfdarlarının əksəriyyəti də Avropa yolunu istəyir.

Prezident hakimiyyətin qəsb edildiyini elan edərək, seçkilərin xüsusilə mürəkkəb üsulda saxtalaşdırıldığına diqqəti cəlb edib: 

“Hər şey bir partiya və bir nəfərin hakimiyyəti tərəfindən idarə olunur. Faktiki olaraq, “Gürcü Arzusu” real mandat olmadan və bunu etmək hüququ olmadan Avropa gələcəyinə doğru hərəkəti dayandırıb. Kütləvi vətəndaş itaətsizliyi hərəkatı yalnız iki şeyi – səslərin qaytarılmasını və yeni seçkiləri tələb edir”.

O, Avropa Parlamentini ölkədə etirazçılara qarşı aparılan repressiyalara diqqət yetirməyə çağırıb. Bildirib ki, hazırda Gürcüstanda “Damokl qılıncı” QHT-lərin və müstəqil medianın üzərindən asılıb və bir həftədən sonra isə özünün də heç bir prezident statusunda istifadə etdiyi müdafiəsi olmayacaq.

“Əgər Aİ 3,7 milyon əhalisi olan bir ölkə üzərində təsir rıçaqlarını tətbiq edə bilmirsə, o, daha iri çağırışlarla necə məşğul olacaq? Gürcüstan postsovet idarəçiliyinin idxalı üçün meydan olmamalıdır. Ümid edirəm ki, Avropanın hərəkətə keçməsi üçün böhranın dərinləşməsini gözləməli deyilik”, - Zurabişvili xəbərdarlıq edib. 

O, Aİ-ni Gürcüstanda siyasi böhrandan çıxış yolu ola biləcək yeni seçkilərə nail olmaq üçün bütün mövcud rıçaqlardan istifadə etməyə çağırıb.

Xatirə SADİQ