“Avropadan dəstək istəyən gürcülər tək deyil” – Roberta Metsola

“Avropa Parlamenti Gürcüstan müxalifətinə qarşı repressiyaları və dinc nümayişçilərin həbsini pisləyir”. 

Dec 18, 2024 - 15:10
“Avropadan dəstək istəyən gürcülər tək deyil” – Roberta Metsola

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin rəhbəri Roberta Metsola Gürcüstan prezidenti Salome Zurabişvilinin plenar iclasda çıxışından sonra bildirib. 

“Siz sonuncu dəfə Avropa Parlamentini ziyarət edəndə biz ölkənin Avropa ailəsinə qoşulması istiqamətində irəliləyişi müzakirə edirdik. Bu gün bu yol təhlükə altındadır. Avropa Parlamenti müxalifətə qarşı istənilən repressiyanı və dinc nümayişçilərin həbsini pisləyir. Bu hərəkətlər son illərdə birlikdə atdığımız uğurlu addımlardan uzaqlaşmaqdır”, - deyə Roberta Metsola vurğulayıb. 

Onun sözlərinə görə, Gürcüstandakı mövcud vəziyyətə reaksiya verən Avropa Parlamenti Avropa İttifaqını (Aİ) qətiyyətli addımlar atmağa çağırıb və bu çağırışı bir daha təkrar edir.

“Mən bilirəm ki, Gürcüstanda öz ölkələrinin gələcəyindən qorxan çoxlu insanlar var. Avropadan dəstək istəyən bütün gürcülərə müraciət edəndə, mən bütün parlament adından danışıram ki, onlar tək deyillər. Biz sizi görürük, sizi eşidirik, biz sizinləyik. Odur ki, Avropa Parlamenti gürcü xalqının yanındadır və bizim qapılarımız həmişə açıq qalacaq”, - Metsola əlavə edib.
Xatirə Sadiq