Azərbaycanlıdırlar, yoxsa özbək? - İranın İsraildə öldürdüyü 2 nəfərlə bağlı YENİ FAKT

Azərbaycan mediasında İranın İsrailə raket atması nəticəsində iki azərbaycanlının - Rustam Qulomov və Amid Murtuzovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Mar 10, 2026 - 19:25
Mar 10, 2026 - 19:53
Azərbaycanlıdırlar, yoxsa özbək? - İranın İsraildə öldürdüyü 2 nəfərlə bağlı YENİ FAKT

SAVASHMEDİA.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. 

“The Times of İsrael”in yaydığı məlumata görə, İranın atdığı kaset tipli raket İsrailin Yehud, Or Yehuda, Holon və Bat Yam şəhərlərində partlayışlar törədib. Yehud şəhərindəki partlayış iki işçinin həyatına son qoyub. Onlar Petah-Tikva şəhərinin sakinləridir. 

Partlayışdan sonra hadisə yerinə gələn tibbi personal 40 yaşlarındakı Amid Murtuzovun öldüyünü aşkarlayıb. 62 yaşlı Rustam Qulomov ağır vəziyyətdə Şeba Xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xilasedicilərin verdiyi məlumatına görə, hər iki şəxs hücum zamanı bomba sığınacağında və ya qoruyucu məkanda olmayıb. 

Tikinti sahəsində olan kran operatoru mediaya bildirib ki, raket xəbərdarlığı aldıqdan sonra yeraltı sığınacağa qaçıb. Sığınacaqdan çıxdıqdan sonra həmin şəxslərin yerdə yatdığını görüb. Operator vurğulayıb ki, onların raket xəbərdarlığı verilən kimi sığınacağa niyə girmədiklərinə məna verə bilməyib.

Hadisədən sonra (9 martda) ilk Rustam Qulomovun şəxsiyyəti müəyyənləşdirilib. İsrail mediası bu gün Amid Murtuzovun adını açıqlayıb.

Lakin İsrail mediası onların hansı ölkənin vətəndaşı olduğunu qeyd etməyib. Yəni Azərbaycan mediasının yaydığı məlumatın əksinə, onların azərbaycanlı olduqları ilə bağlı məlumat verilməyib. Sosial şəbəkələrdə isə həlak olan işçilərdən birinin Özbəkistan vətəndaşı olduğu qeyd edilib.

Banu