"Azərenerji" 1,7 milyard manat zərər edib - İşığın qiyməti artacaq?

“Azərenerji” ASC-nin 2025-ci il üzrə maliyyə göstəriciləri elektrik enerjisinin bahalaşacağı ilə bağlı ehtimalları  yenidən gündəmə gətirib. 

Jul 17, 2026 - 22:58
"Azərenerji" 1,7 milyard manat zərər edib - İşığın qiyməti artacaq?

SAVASHMEDİA.az xatırladır ki, şirkət ili 128 milyon 245 min manat mənfəətlə başa vursa da, əvvəlki illərdən yığılan zərərin həcmi hələ də 1 milyard 711 milyon manat təşkil edir.

Maliyyə hesabatına əsasən, bu göstərici 2024-cü ilin sonundakı 1 milyard 820 milyon manatla müqayisədə bir qədər azalsa da, dövlət şirkətinin balansında çox böyük həcmdə yığılmış zərərin qalması diqqət çəkir. Digər tərəfdən, 2025-ci ildə əldə olunan mənfəət də əvvəlki illə müqayisədə 26,2 faiz azalaraq 173 milyon 834 min manatdan 128 milyon 245 min manata enib.

Bu rəqəmlər fonunda elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı ehtimallar yenidən müzakirə olunur. Rəsmi olaraq belə bir qərar açıqlanmasa da, faktiki olaraq inhisarçı mövqeyə malik bir dövlət şirkətinin bu cür acınacaqlı maliyyə vəziyyəti tarif siyasətinə təsir göstərə bilən əsas amillərdən hesab olunur.

Elektrik enerjisinin istehsalında inhisarçı mövqeyə malik olan şirkətin uzun illər ərzində bu həcmdə yığılmış zərərə malik olması suallar doğurur. Məhz buna görə də ekspertlər zərərin yaranma səbəblərinin və maliyyə göstəricilərinin daha şəffaf şəkildə açıqlanmasının vacib olduğunu bildirirlər.

Əsas suallardan biri də elektrik enerjisinin maya dəyəri ilə bağlıdır. İstehsal xərclərinin strukturu, yanacaq məsrəfləri, amortizasiya, kredit öhdəlikləri və digər maliyyə göstəriciləri ictimaiyyət üçün tam açıqlanmadığından, şirkətin niyə bu qədər böyük zərərə düşməsi barədə dəqiq nəticə çıxarmaq mümkün deyil.

İctimaiyyətin narahatlığı isə odur ki, enerji sektorunda xərclərin artması, investisiya layihələri və maliyyə yükü gələcəkdə tariflərin yenidən nəzərdən keçirilməsini aktuallaşdıra bilər. 

Səlcuq