AzTV sədri ilə bağlı iddialar təkzib olundu
Hesablama Palatasının "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də keçirdiyi auditin nəticələrini açıqlaması AzTV ətrafında müzakirərlə səbəb olmuşdu.
SAVASHMEDİA.az xatırladır ki, bununla bağlı metbuat.az-a istinadla yerləşdirdiyimiz yazı artıq ilk mənbədən silinib və təkzib olunub.
Təkzib mətnində bildirilir:
“AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqalə redaksiyamıza göndərilən məlumatlar əsasında hazırlanıb. Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib.
Metbuat.az xəbər portalı olaraq bəyan edirik ki, sözügedən məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində heç bir mənfi niyyətimiz olmayıb. AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzağıq. Hazırladığımız xəbərin manipulyasiya edilməsinin, AzTV-yə qarşı aparılan qərəzli kampaniyaya alət edilməsinin qarşısını almaq üçün onu saytın səhifəsindən sildik.
Apardığımız araşdırma zamanı məlumat təsdiqini tapmadığı üçün xəbəri təkzib edirik.
Xatırladaq ki, sözügedən yazıda Hesablama Palatasının dövlət televiziyasında audit keçirməsinin səbəblərindən biri kimi, AZTV sədrinin rəhbərlik etdiyi quruma vertolyot almaq istəməsi göstərilirdi. İddia olunurdu ki, sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul olunmayıb.