ADY bilet pullarını "abarod"a buraxır? - "İnsanları bilərəkdən tələyə salırsınız"

Jurnalist Elnurə Abuşova Azərbaycan Dəmir Yollarının (ADY) Tbilisi-Bakı istiqaməti üzrə bilet satışı və geri qaytarılma qaydaları ilə bağlı narazılığını ifadə edib. 

Aug 5, 2026 - 22:59
ADY bilet pullarını "abarod"a buraxır? - "İnsanları bilərəkdən tələyə salırsınız"

SAVASHMEDİA.az xəbər verir ki, o, sosial şəbəkə paylaşımında vağzalda müşahidə etdiklərini "biabırçılıq" adlandıraraq sərnişinlərin bilərəkdən çətin vəziyyətə salındığını iddia edib.

Elnurə Abuşova yazıb: "Getmişdim vağzala Tbilisi-Bakı bileti almağa. Axşam vağzalda idim. Hər şeyi gözümlə gördüm və reallığı fənd işlədərək, öyrəndim. Biabırçılıqdır, özbaşınalıqdır. İnsanları geri dönüş bileti ala biləcəklərinə əmin edib bilet satıb, pulunu "abarod"a buraxıb, sonra geri dönüşün yalnız təyyarə ilə, ya da turagentlərlə mümkünlüyünü himcimlə başa salıb, faiz tutaraq pulları geri qaytarırlar. 

Aldanıb bilet alanların 2 yolu var - ya monopolist AZALla 310 manata geri dönmək, ya faiz çıxılaraq bileti qaytarmaq. Mən pulu çox əziyyətlə qazanıram, imkan vermərəm Azərbaycan Dəmir Yolları mənim pulumu dövriyyəyə buraxıb faiz qazana, sonra faiz tutub pulumu qaytara".

Jurnalist paylaşımında Azərbaycan mediasında yayımlanan tənqidi yazıların təsirsiz qaldığını da iddia edib.

"Azərbaycan mediasında yazılanları veclərinə almırlar. Çünki siyasi elita rusdillidir. Azərbaycandilli media, sisoal şəbəkə nə qədər yazsa da, nəticə yoxdur. Amma haqqın.az-da rusca reportaj getdi, 7 min baxışa, ADY rəhbərliyi iclas çağırdı. Mən hər ADY-dən yazanda aşağısı 30 min baxır. Rusdilli mediadan qorxurlar, çünki həm xaricdə oxunur, həm rəhbərlikdə".

Jurnalistin sözlərinə görə, baş verənlərlə bağlı məlumatları bundan sonra xarici auditoriyaya da çatdıracaq:

"Mən də başımıza gələni yazacam, rusca və ingiliscə tərcümə etdirib paylaşacam. Hər kəs görsün bu biabırçılığı, insanların başına nə oyun açıb, zamanlarını və pullarını alırlar".

Paylaşımda ADY və AZAL-ın eyni holdinqə daxil olduğu qeyd olunub, həmçinin sərnişindaşıma sahəsinə rəhbərliklə bağlı da iddialar səsləndirilib.

"Azal da ADY də AZCON Holdingə daxildir. Biri aparmaqdan və pulu dövriyyəyə buraxıb faiz tutub qaytarmaqdan pul qazanır, biri Tbilisiyə gedənləri qaytarmaqdan.

Bu arada xatırladım ki, ADY-də sərnişindaşımaya Aybəniz İsmayılovanın yaxın qohumu rəhbərlik edir. Adamın dəmiryoluna yaxından-uzaqdan heç bir əlaqəsi yoxdu, sığortaçıdır".

Jurnalist paylaşımını ADY-yə müraciətlə yekunlaşdırıb:

"ADY, ya bizə Tbilisi-Bakı qatarına bilet verin, ya da faizsiz qaytarın biletimizin pullarını. Siz insanları bilərəkdən tələyə salırsız. Sona qədər mübarizə aparacağam. Pulumu, zamanımı sizə yedirtmərəm!"

Oğuz