Bacısı İmran Xanın cəsədini istəyir, tərəfdarlar həbsxanaya yürüş etdi - "Öldürməyiblərsə, görüşdürsünlər"
Pakistanın həbsdə olan sabiq Baş naziri İmran Xanın öldürüldüyü ilə bağlı məlumat yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, yayılan bütün məlumatlar Əfqanıstan mətbuatının iddiasıdır.
“Afghanistan Times” Pakistandan olan etibarlı mənbələrinə istinadən yazır ki, İmran Xan öldürülüb, hətta cəsədi artıq gizli şəkildə həbsxanadan çıxarılıb.
Digər bir əfqan nəşri “Afghanistan Defense” isə iddia edir ki, Pakistan ordusunun adının anonim qalmasını istəyən bir vəzifəlisi İmran Xanın bu gün deyil, 17 gün əvvəl öldürüldüyünü bildirib. Lakin hökumət sabiq Baş nazirin partiyasının və tərəfdarlarının ölkədəki sabitliyi pozacaqlarından çəkindikləri üçün bu faktı gizli saxlayıb.
Nəşr qeyd edir ki, İmran Xanın öldürüldüyü iddiasını gücləndirən faktlardan biri də ailəsinin 23 gündür onunla görüşməsinə icazə verilməməsidir.
Hər iki nəşr qeyd edir ki, dünəndən etibarən İ.Xanın tərəfdarları və qurucusu olduğu “Pakistan Tehrik-i İnsaf” partiyasının üzvləri sabiq Baş nazirin cəza çəkdiyi Adiala həbsxanasının qarşısına toplaşıblar.
Onlar İ.Xanın sağ olduğundan əmin olmadıqları üçün bu addımı atdıqlarını bildiriblər. Etirazçılar Xanın ailəsi ilə görüşdürülməsini tələb edirlər. Hətta etirazçılar arasında İmran Xanın bacısı da var. Pakistan hökuməti isə İmran Xanın öldürüldüyü iddialarını rədd edir.
Xatırladaq ki, 2024-cü ilin yanvarında Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan və onun həyat yoldaşı Büşra Xanı korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib. Bir gün əvvəl isə İmran Xana dövlət sirrini yaydığına görə 10 il həbs cəzası verilib. İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.
Banu