Baş qərargah rəisinin müavini azadlıqdan məhrum olundu – Rusiyada
Moskva Qarnizonu Hərbi Məhkəməsi Rusiya ordusunun Baş Qərargah rəisinin keçmiş müavini, Müdafiə Nazirliyinin Baş Rabitə İdarəsinin (GUS) rəisi general-leytenant Vadim Şamarini 7 il müddətinə azadlıqdan məhrum edib.
SAVASHMEDİA.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, o, xüsusilə külli miqdarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) 36 milyon rubl məbləğində rüşvət almaqda təqsirli bilinib.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs hərbi rütbəsindən və 7 il müddətinə rəhbər vəzifələrdə işləmək hüququndan məhrum olunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və 108 milyon rubl cərimə ödəməli olacaq.
Vadim Şamarin 2024-cü il mayın 22-də saxlanılıb. O, Permdəki “Telta” telefon zavodunun rəhbərliyindən 26 milyon və 10 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunub. Bunlar 2019-2023-cü illər arasında Müdafiə Nazirliyi ilə müəssisə arasında rabitə cihazlarının tədarükü üçün ümumilikdə 1,4 milyard rubldan çox məbləğdə bağlanmış müqavilələr üçün “pay” olub.
Əvvəlcə təqsirləndirilən şəxs təqsirini qismən etiraf etsə də, sonradan ittihamlarla tam razılaşaraq prokurorluq orqanları ilə məhkəməyə qədər əməkdaşlığa razı olaraq digər hərbi qulluqçuların və iş adamlarının əleyhinə ifadə verib.
Xatirə SADİQ