“Bəşər Əsədlə yalnız bir şərtlə danışarıq ki...” – Suriya müxalifətinin lideri

“Müxalif qüvvələr Suriya prezidenti Bəşər Əsədlə lap sabah danışıqlara hazırdır, lakin ölkədə siyasi keçid baş verənə qədər Milli Koalisiya hücumu dayandırmayacaq”.  

Dec 2, 2024 - 12:10
“Bəşər Əsədlə yalnız bir şərtlə danışarıq ki...” – Suriya müxalifətinin lideri

SAVASHMEDİA.az “Türkiyənin “A Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə koalisiyanın lideri Hadi əl-Bəhrə bildirib. 

“Biz Əsəd rejimi BMT prosesinə və siyasi keçid prosesinə qoşulana qədər dayanmayacağıq. Yoxsa biz sabahdan danışıqlara hazırıq”, - deyə o, vurğulayıb. 

Bu arada Suriya komandanlığı ordunun silahlı qüvvələri sıxışdırmaq üçün Hələb, İdlib və Həma əyalətlərində irəliləməyə başladığını iddia edir.

Bundan əlavə, Suriya, Türkiyə və İran vəziyyəti diplomatik yolla həll etməyə çalışır. İranın xarici işlər naziri Abbas Əraqçi Dəməşqə səfərindən sonra bu gün Ankaraya gəlib. 

Suriyadakı silahlı müxalifətin və islamçı qruplaşmaların birləşmiş qüvvələrinin hücumu noyabrın 27-də səhər tezdən başlayıb.  Noyabrın 29-da qiyamçılar Suriyanın ikinci böyük şəhəri Hələbə daxil olublar. Onlar həmçinin bütün İdlib vilayətinə nəzarəti ələ keçirə biliblər. Dekabrın 1-də günortadan sonra müxalifət qüvvələri əyalətin şimalındakı kənd yerlərində əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildiriblər.

Xatirə SADİQ