"Biz bunu unutmayacağıq, Rusiya cavab verməlidir" - Prezident təyyarə olayını xatırlatdı

Prezident İlham Əliyev Şuşada keçirilən III Qlobal Media Forumunda Azərbaycan təyyarəsinin 2024-cü ilin dekabr ayında Rusiya tərəfindən vurulması ilə bağlı ətraflı və sərt açıqlama verib.

Jul 19, 2025 - 19:13
"Biz bunu unutmayacağıq, Rusiya cavab verməlidir" - Prezident təyyarə olayını xatırlatdı

Xarici jurnalistin sualına cavab verərkən dövlət başçısı hadisə ilə bağlı konkret detalların artıq Azərbaycan tərəfindən aydınlaşdırıldığını bildirib və Rusiyanın məsuliyyətli davranmadığını, hadisənin ört-basdır edilməyə çalışıldığını vurğulayıb:

“Təyyarə hava limanına artıq yaxınlaşırdı. Raket zərbəsi ilə iki dəfə vuruldu və daha sonra da qəzaya uğradı. Hekayə budur. Biz nə baş verdiyini bilirik”.

İlham Əliyevin sözlərinə görə, Rusiya hadisədən sonra hava məkanını dərhal bağlamayıb, bu addım yalnız təyyarə vurulduqdan bir neçə dəqiqə sonra atılıb. Bu da Kremlin əməliyyatı gizlətmək cəhdinin sübutudur.

“Rusiyanın hava məkanı hadisədən sonra bağlanıb. Bu da qəhrəmanlıqla öyünənlərin şəhəri necə “bağladığının” göstəricisidir. Hər şey aydındır, gün kimi”.

Prezident bildirib ki, artıq yeddi ay keçməsinə baxmayaraq, rəsmi Moskva bu məsələ ilə bağlı Azərbaycana heç bir konkret cavab verməyib:

“Baş prokurorumuz Rusiya İstintaq Komitəsinin rəhbərinə mütəmadi məktublar göndərir. Amma cavab sadəcə budur: ‘İstintaq davam edir”.

Dövlət başçısı bu vəziyyəti qəbuledilməz adlandıraraq bildirib ki, Azərbaycan bu prosesi unutmur və unutmayacaq:

“Bu o demək deyil ki, biz bunu unuduruq. Xeyr. Biz unutmuruq və unudası deyilik”.

Prezident həmçinin bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq sisteminə müraciət etməyə hazırlaşır və bu istiqamətdə artıq Rusiya tərəfinə də rəsmi məlumat verilib:

“Biz hazırda beynəlxalq məhkəməyə təqdim ediləcək hüquqi portfeli hazırlayırıq. Rusiya tərəfini də bu barədə məlumatlandırmışıq. Bilirik ki, bu proses vaxt ala bilər. Malayziya hadisəsinin ədalətinə 10 il sərf olundu. Biz də 10 il gözləməyə hazırıq. Amma ədalət bərpa olunmalıdır”.

Sonda Prezident İlham Əliyev əlavə edib ki, mövcud şərait – yəni Rusiya ilə hazırkı hava – bu məsələdə ədalətin bərqərar olmasına kömək etmir. Buna baxmayaraq, Azərbaycan geri çəkilməyəcək:

“Havanın gərgin olması da bu vəziyyətə kömək etmir. Amma biz bu məsələ ilə bağlı addımlar atırıq və Rusiyanı buna hazırlayırıq”.