Kino külü
Hörmətli qonşumla evin yaxınlığında – Fəvvarələr meydanında əyləşib söhbət edirdik. Qonşum bir qədər tanınmış simadır və təvazökar şəxsdir.
Odur, görəndə ki, televiziya operatoru və mikrofonlu müxbir bizə yaxınlaşırlar, narahat hisslər keçirdi. Təşəbbüsü ələ almalı oldum:
– Sizə nə lazımdır?
– Kino günüdür. Bununla əlaqədar sual vermək istərdik.
– Gəl sualı mən verim. Azərbaycanda kino var ki, kino günü olsun?
Aralandılar. Tənqidi fikir televiziyaçıları maraqlandırmır. Lazımdır onlara “Ura!”.
Necə ki, “halva, halva” deməklə ağız şirin olmur, eləcə də almanı almaya bənzətməklə Azərbaycan filmlərini kinoya oxşatmaq alınmaz.
Söz düşmüşkən, bədii film göstərən telekanallar il ərzində bir filmi neçə dəfə nümayiş etdirir? “Alma almaya bənzər”, “Əhməd haradadır?”... 365 gündə Fiqaro çevikliyi ilə gah bu kanaldadır, gah o birində, hərdən hətta eyni zamanda ikisində...
Abır yaxşı şeydir. İstedad olmasa da. Lakin istedadsız kino xədimlərimiz dövlətdən abırsızlıqla pul istəyirlər. Guya Azərbaycan kinosunu inkişaf etdirməkdən ötrü. Şoğərib isə dirilmir ki dirilmir. Şeyx Nəsrullah tayfası – Ayaz Salayev və onun tayları – pulları götürüb, əvəzində yalnız ümid verirlər. Mənə yox, pulverənlərə.
Bir neçə il bundan əvvəl sadiq dostum dedi:
– Eşitdiyimə görə, ölkədə cavan rejissorlar nəsli yetişib. Yaman tərifləyirlər.
İnandım, çünki bizim ölkədə yalnız yamanı tərifləyirlər. Adlarını soruşdum. İki ad çəkdi. Etmədim tənbəllik, İnternetdə tapdım və təklif etdim birlikdə baxaq. Heç birinə axıradək baxmağa səbrimiz, çatmadı, istəyimiz qalmadı.
Həqiqətənmi televiziya kanallarında oturanlar (işləyənlər deməyə dilim gəlmir) elə düşünürlər ki, gənc nəsil smartfonunu kənara qoyub “Uzaq sahillərdə” plakat filminə tamaşa edəcək. Bəlkə hesab edirlər yaşlı nəsil bu axşam doqquzun tən ortasında füsunkar Anjelika ilə görüşüb bu filmə həyatında 4965-ci dəfə baxacaq? Bəlkə də bu sonsuz təkrarlar “Səhər nə yediyim yadıma gəlmir” deyərək huşsuzluğu ilə öyünənlər üçün nəzərdə tutulur. O da ola bilər, özləri demensiyaya tutulublar və filmi keçən həftə göstərdiklərini artıq unudublar... Bütün hallarda, dövlətin vəsaiti, necə başa düşürsən düş, küləyə buraxılır... İnsanabənzər məmur isə çox gözəl bilir ki, dövlətin pulu xalqın puludur.
Dövlət telexadimə serial çəkməkdən ötrü vəsait ayrır. Çəkməsə, bu pul dövlətin olaraq qalacaq. Çəkəndə – həmin anda özünün olacaq. Maliyyə, mühasibat qaydaları məhz belə işləyir. İndi isə təsəvvür et ki, cəmi bircə seriyalıq normal film çəkməyi bacarmayan məmləkət uzun telebağırsağından birdən-birə külli miqdarda seriyalar ifraz edir... Fu, mən təsəvvür etdim.
Eləcə də, külli miqdarda vəsait kanallarda xarici filmlərin dublyajına xərclənir. Boş-boşuna demirəm ki, Azərbaycanda dövlət kino siyasəti yoxdur. Hər şey Əli Həsənovdan qalandır. Yaxşı şey olsaydı, Həsənov qoymazdı qalsın...
Bəli, kinosevərəm. Yaxşısına – yaxşı əhval-ruhiyyə üçün baxıram, pisinə – tanımaqdan, məlumatlı olmaqdan ötrü. İlk növbədə rus dilində tamaşa edirəm. Rusiyanın dublaj sahəsindəki işi nümunəvidir. Bir çox Avropa dövlətində, məsələn Skandinaviya ölkələrində Hollivud istehsalı olan filmləri dublaj etmirlər. Yalnız subtitrlərdə mətnin tərcüməsi yazılır. Film isə orijinal dildə gedir. Yadımdadır, uşaqlıqda Çarli Çaplinin filmlərindəki hadisələri və subtitrləri eyni zamanda izləmək balaca canımı üzürdü...
İndi Rusiyanın dublaj studiyalarının düşünülmüş və məhsuldar fəaliyyəti sayəsində o biri otaqdan, mətbəxdən (buna “gözüyumulu” da demək olar) filmdə hansı məşhur artistin oynadığını dublajçının səsindən asanlıqla anlayıram. Çünki konkret kino artistini həmişə konkret dublaj artisti səsləndirir. Filmdən, dublaj studiyasından asılı olmayaraq. Hətta eyni filmdə.
Balaca Azərbaycanda bütün dublyaj işləri üçün 1 studiya kifayət edərdi. O isə olaydı, məsələn, mədəniyyət nazirliyinin tabeliyində.
Amma nə desəm – küfrdür. Hər telekanal və bütövlükdə telekanalizasiya öz əlahiddə studiyasını təsis edir. İşçi statı ilə – direktor, səs rejissoru, səs operatoru, tərcüməçi, rolları səsləndirən artistlər... Hər kanal rəhbərinin öz kampaniyası, dost-tanışı var. Başsız xalqın pulunu özü də yeyir, onlara da yedirdir. Xalq isə dünyanın ən(!) məşhur artistlərini də səsindən tanıya bilmir. Çünki hər studiyada həmin artisti başqa kəs səsləndirib. Özü də tərcümədən tutmuş axıradək hər şey bərbad vəziyyətdə.
Azərbaycanda tipik obraz, tipaj anlayışı heç vaxt olmayıb. Əgər məşhur televiziya tamaşasında sevgi qəhrəmanını donmuş, yuxulu Yaşar Nuriyev oynayırdısa, indi də igidləri dublajda səsi boğazından çıxmayanlar, fağırlar, bir az da yazıqlar səsləndirirlər. Təəccüblənmirəm ki, əvvəlki illərdə hətta Azərbaycan filmlərində rolu bir artist oynayırdı, səs isə başqasının idi.
Tezis şəklində yekunlaşdırım: Azərbaycan kinosunun kino sənətinə, kinematoqrafiyaya aidiyyəti yoxdur!
A.ƏZİZ