“Braziliya da təkrar tariflərə məruz qala bilər” - Metyu Uitaker
Ukraynada müharibə başlayandan bəri Rusiya neftinin əsas alıcılarına çevrilən Çin və Hindistandan başqa, Braziliya da ABŞ-nin rüsumlarına məruz qala bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Bloomberg TV-yə müsahibəsində ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
“Rusiyanın hasil etdiyi nefti alan Çin, Hindistan və Braziliyaya qarşı təkrar sanksiyalar və tariflər müharibəni bitirmək üçün atılan növbəti addımdır”, - deyə Uitaker vurğulayıb.
Onun sözlərinə görə, Ağ Evin Donald Trampın ultimatumunun müddəti bitdikdən sonra hazırladığı sanksiyalar Rusiya iqtisadiyyatına “həqiqətən zərbə vuracaq”. Çünki Rusiya bütün ixrac gəlirlərinin demək olar ki, yarısını neft və qaz satışından əldə edir.
Uitaker vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi döyüş meydanında deyil, yalnız diplomatik yolla həll oluna bilər və Tramp belə nizamlama üçün şərait yaradır.
Çin və Hindistandan fərqli olaraq Braziliya Rusiyadan xam neft almır. Bununla belə, ölkə Türkiyə (26%) və Çindən (13%) sonra Rusiya neft məhsullarının (12%) ən böyük idxalçısıdır. Finlandiyanın CREA mərkəzinin hesablamalarına görə, iyun ayında Braziliya Rusiyadan 443 milyon avroya emal olunmuş neft məhsulları idxal edib, 2023-cü ilin əvvəlindən isə bu idxala təxminən 20 milyard avro xərcləyib.
CREA-nın məlumatına görə, ümumilikdə, Rusiya ayda 17,7 milyard avro dəyərində enerji resursları satıb. Bu məbləğin 5,4 milyard avrosu Çinə, 4,5 milyardı Hindistana, 2,3 milyardı Türkiyəyə, 1,47 milyardı isə Aİ ölkələrinə ixracdan əldə olunub.
Xatırladaq ki, Tramp iyulun 14-də elan edib ki, Ukraynada müharibə 50 gün ərzində bitməsə, Rusiyadan enerji alan ölkələri 100 faizlik tariflər tətbiq olunacaq. İyulun 29-da o, bu müddəti 10 gün qısaldaraq, şərtləri sərtləşdirib. Tramp qeyd edib ki, ABŞ-nin səylərinə baxmayaraq, eskalasiyanı davam etdirən və mülki insanları hədəf alan Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən “dərin məyus olub”. Bu ultimatum avqustun 8-də başa çatır.
Xatirə SADİQ