Britaniyadan Gürcüstana xəbərdarlıq: "Əks halda..."

Böyük Britaniya hökuməti Gürcüstanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb. 

Jul 1, 2025 - 12:11
Britaniyadan Gürcüstana xəbərdarlıq: "Əks halda..."

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniya XİN-nin bəyanatında deyilir. 

Gürcüstanın getdikcə daha çox zərər vuran kursuna, “Gürcü arzusu”nun Böyük Britaniya və onun beynəlxalq tərəfdaşlarına qarşı yalan iddialarına və açıq hücumlarına qətiyyətlə etiraz edildiyi gürcü diplomatının diqqətinə çatdırılıb.

“Müxalifətin aparıcı liderlərinin həbs olunması Gürcüstan hökumətinin azadlıqları boğmaq üçün son cəhdidir. Siyasi rəqiblərin həbsi “Gürcü Arzusu”nun hər hansı Avroatlantik istəkləri, eləcə də onların konstitusiya öhdəlikləri ilə bir araya sığmır”,  - Böyük Britaniya XİN-nin sözçüsü bildirib.

O, qeyd edib ki, “Gürcüstan demokratiya, azadlıqlar və insan hüquqlarına hörmət və əməl edilməsinə qayıtmasa, Böyük Britaniya hökuməti gələcək addımları nəzərdən keçirməkdən çəkinməyəcək”.

Xatırladaq ki, iyunun 23-də Tbilisi şəhər məhkəməsi parlamentin istintaq  komissiyası ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunan üç gürcü müxalifət liderini 7-8 aylıq həbs cəzasına məhkum edib.

Həmin parlament komissiyası Saakaşvilinin prezidentliyi dövrü ilə bağlı hesabat hazırlayır və Saakaşvilinin siyasi qüvvəsi olan Vahid Milli Hərəkat Partiyasının fəaliyyətinin konstitusiyaya zidd olduğunun tanınması tələbi ilə hesabatı Konstitusiya Məhkəməsinə təqdim etmək niyyətindədir.

Böyük Britaniya isə iyunun 24-də Gürcüstan hakimiyyətini “Saakaşvili hökumətinin cinayətlərinin” araşdırılması üzrə parlamentin istintaq komissiyası ilə əməkdaşlıqdan imtina edən müxalifət siyasətçilərinin təqibini dayandırmağa çağırıb.

Xatirə SADİQ