Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əks olunub.
Qeyd olunub ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Nəzərə çatdırılıb ki, layihənin müxtəlif maddələrində "orta ixtisas təhsili" sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.
Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir.
Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.