“Bunu edin, müharibəni dayandıraq!” – Lavrov ölkəsinin adından söz verdi
“Rusiya bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Newsweek” jurnalına müsahibəsində bildirib.
Rusiya prezidenti Vladimir Putinin Kiyev qarşısındakı digər tələblərini də xatırladan nazir deyib ki, Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verdi.
“Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər altında bizim Ukraynadan gələn təhlükələr aradan qaldırılana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa seçimimiz yoxdur”, - Lavrov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya üçün Ukraynaya qarşı müharibə “onun xalqının müdafiəsi və həyati təhlükəsizlik maraqlarıdır”.
O, Moskvanın hər dəfə hamıya uyğun bir müqavilə bağladığında “Kiyev və onun ağaları geri çəkilir” deyə şikayətlənib. Nümunə kimi o, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş Minsk razılaşmalarını, həmçinin 2022-ci ilin mart ayının sonunda İstanbulda paraflanmış sülh müqaviləsini göstərib.
“Sülhün bərpası düşmənimizin planlarının bir hissəsi deyil. Zelenski Moskva ilə danışıqları qadağan edən fərmanını ləğv etməyib. Vaşinqton və onun NATO müttəfiqləri müharibəni davam etdirmək üçün Kiyevə siyasi, hərbi və maliyyə dəstəyi verirlər”, - deyə Lavrov əlavə edib.
Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli Qərb raketləri atmaq icazəsinin müzakirəsini odla oynamaq adlandıran nazir bildirib ki, bu, təhlükəli nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, sülh danışıqlarının başlanması üçün Lavrovun sadaladığı şərtləri ilk dəfə Putin bu ilin iyununda açıqlayıb. Zelenski bu şərtləri növbəti ultimatum adlandırdı və bildirdi ki, müharibə ədalətli sülhlə başa çatması üçün Rusiya prezidentini danışıqlara məcbur etmək lazımdır. Buna nail olmağın yolu isə Qərbdən Ukraynaya hərbi və maliyyə yardımının artırılmasını nəzərdə tutan qələbə planından keçir.
Xatirə SADİQ