Kremldən Zurabişvilinin aksiya təyin etməsinə əsəbi reaksiya - "O xanım prezident deyib ki..."

“Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının parlament seçkilərində qələbəsindən sonra sabitliyi pozmağa cəhd edir”. 

Oct 28, 2024 - 14:34
Oct 28, 2024 - 14:36
Kremldən Zurabişvilinin aksiya təyin etməsinə əsəbi reaksiya - "O xanım prezident deyib ki..."

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Respublikada sabitliyi pozmağa cəhdlərin edilməsi, əslində, ictimaiyyətə açıq şəkildə bəyan edilir. Müdaxilə cəhdləri də adi gözlə görünür, amma Rusiya tərəfindən yox. Yəni, Avropa ölkələrindən çoxlu sayda qüvvələr bu səsvermənin nəticələrinə təsir göstərməyə çalışıblar. Amma biz Gürcüstanın daxili işlərinə qarışmırıq və qarışmaq niyyətində deyilik”, - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, son səsvermənin nəticələri gürcü xalqının seçimidir: “İndi heç bir üçüncü ölkənin bu seçkilərin nəticələrinə müdaxilə etməməsi çox vacibdir. Yeri gəlmişkən, həmin xanım prezident bu seçkilərin nəticələrini tanımadığını bildirib. Mən seçkilərin tanınması və ya tanınmamasının Gürcüstan prezidentinin səlahiyyətlərinə daxil olmasını dəqiq bilmirəm. İstənilən halda, bütün bunlar Gürcüstanın daxili işidir”, - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkilərdə 18 partiya iştirak edib. Onlar parlamentə düşmək üçün 5 faiz səs toplamalı idilər. 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” (53,92%) qalib gəlib, müxalifətin “Dəyişiklik Uğrunda Koalisiya” (11,03%), Birlik – Milli Hərəkat (10,16%), “Güclü Gürcüstan (8,81%), Gürcüstan uğrunda” (7,77%) hərəkatları baryeri keçib.

Zurabişvili və bütün müxalifət hərəkatlarının liderləri ötən seçkilərin nəticələrini tanımayıblar və oktyabrın 28-də etiraz aksiyası elan edilib. 

Gürcüstan prezidentinin sözlərinə görə, səsvermə zamanı “ümumi saxtakarlıqlar” olub və “hələ çox şey aşkarlanmalıdır”.

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili də etirazlara çağırıb.

Xatirə SADİQ