“Çelsi”nin pulları Ukraynaya göndəriləcək?
Rusiyalı milyarder Roman Abramoviç bu klubu iki il öncə satıb və Britaniya hökuməti satışdan əldə olunan vəsaiti dondurub
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Çelsi” futbol klubunun satışından əldə olunan 2,3 milyard funt sterlinq (3 milyard dollar) vəsaitin azad edilməsi üçün hüquqi addımların atılması istiqamətində tədbirlər görəcəyini vəd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Qeyd edək ki, rusiyalı milyarder Roman Abramoviç bu klubu iki il öncə satıb və Britaniya hökuməti satışdan əldə olunan vəsaiti dondurub. London xüsusi etibarlı bank hesabında saxlanılan həmin pulu Ukraynaya göndərmək istəyir.
Devid Lemmi deyib ki, onun ilk niyyəti məhkəməyə müraciət etmək deyildi, çünki bu yol vaxt alır. Lakin onun fikrinə bələd olan insanlar bildiriblər ki, məhkəməyə müraciət etmək problemin həlli üçün onun da nəzərdən keçirdiyi variantlardan biridir. Nəşr yazır ki, ikinci variant fondla razılaşma olub.
Nəşr öz mənbələrinə istinadən yazır ki, Böyük Britaniya hökumətinin mövqeyi ondan ibarətdir ki, pul Ukrayna daxilində xərclənməlidir. Lakin UNICEF-in Böyük Britaniyadakı keçmiş icraçı direktoru Mayk Penrozun da daxil olduğu fond vəsaitin qaçqınların dəstəklənməsinə yönəldilməsini təkid edir.
“Böyük Britaniyanın rəsmi şəxsləri cənab Abramoviçin nümayəndələri, ekspertlər və beynəlxalq tərəfdaşlar ilə müzakirələri davam etdirirlər. Biz problemin həlli üşün səylərimizi ikiqat artıracağıq”, - deyə Britaniya XİN-dən bildirilib.
2022-ci ilin martında “Çelsi”nin vebsaytındakı xəbərdə Abramoviç bildirirdi ki, fond “Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə”, xüsusilə də “qurbanların təcili və təcili ehtiyacları üçün həyati əhəmiyyətli maliyyə vəsaiti təmin etməklə, eləcə də uzunmüddətli bərpa işlərinə dəstək verməklə” yaradılacaq.
Xatirə SADİQ