Co Bayden Gürcüstanda tərəfləri dialoqa çağırdı
Bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ prezidenti Co Bayden Gürcüstan hökumətini seçkilərdəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, “xarici agentlər” haqqında qanunu ləğv etməyə və Gürcüstandakı bütün siyasi qüvvələrlə seçkilərin bütövlüyünü bərpa etmək üçün dərhal dialoqa başlamağa çağırıb.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bəyanatda bildirilib ki, oktyabrın 26-da keçirilən parlament seçkiləri çoxsaylı inzibati resursdan sui-istifadə, seçicilərin hədə-qorxuya və zorakılığa məruz qalması halları ilə yadda qalıb.
ABŞ-nin uzun müddət gürcü xalqının yanında olduğunu xatırladan Bayden ölkəsinin Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini dəstəklədiyini bir daha diqqətə çatdırıb.
“Buna görə də mən ölkənin son demokratik geriləməsindən, o cümlədən fundamental azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün meydanı məhdudlaşdıran “Rusiya qanunları” kimi qanunların qəbulundan çox narahatam. Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri çoxsaylı inzibati resurslardan sui-istifadə halları, həmçinin seçicilərin təhdid və məcbur olunması halları ilə yadda qalıb. Gürcüstan vətəndaşlarının müstəqil beynəlxalq və yerli müşahidəçilərin azad və ədalətli hesab etmədiyi bu seçkilərin keçirilməsi ilə bağlı öz fikirlərini dinc şəkildə ifadə etmək hüququ var.
Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran “Xarici Təsir Şəffaflığı Aktı” kimi qanunları ləğv etməyə və seçkilərin bərpası üçün Gürcüstandakı bütün siyasi qüvvələrlə dərhal, əhatəli dialoqa başlamağa çağırırıq. Biz bütün tərəfləri Gürcüstanın Avro-Atlantik gələcəyinin təməli olan qanunun aliliyini və fundamental azadlıqları ciddi şəkildə müdafiə etməyə çağırırıq”, - deyə bəyanatda vurğulanıb.
Xatirə SADİQ