Danimarkadan Trampın "Qrenlandiyanı verin" tələbinə cavab – “müttəfiqimizsiniz, amma…”
Danimarkanın baş naziri Mette Frederiksen Vaşinqtonu ölkəsinin “ən mühüm və ən yaxın müttəfiqi” adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə baş nazir “TV2”yə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün ABŞ-nin hərbi və ya iqtisadi gücə əl atacağını hesab etmir.
“Təsəvvür edə bilmirəm ki, biz bu vəziyyətə düşəcəyik”, deyə Frederiksen əlavə edib.
Hökumət başçısı ABŞ ilə ticarət müharibəsi istəmədiyini nəzərə çatdırıb: “Düşünürəm ki, biz bir-birimizlə ünsiyyətə davam etməliyik və bunu lazımi qaydada etməliyik”.
Onun fikrincə, ABŞ-nin Qrenlandiyaya marağının artması yaxşıdır, lakin bu, ada sakinlərinə hörmət çərçivəsində edilməlidir.
Xatırladaq ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Kopenhagenə Qrenlandiyanı güzəştə getməyi təklif edib. “Sizin orada 45 minə yaxın adamınız var. İnsanlar hətta Danimarkanın Qrenlandiya üzərində qanuni hüquqlarının olub-olmadığını belə bilmirlər. Lakin əgər onlar varsa da, Danimarka onlardan imtina etməlidir. Çünki bizə milli təhlükəsizlik üçün Qrenlandiya lazımdır”, - deyə Tramp Mar-a-Laqo iqamətgahında jurnalistlərə bildirib.
O, Qrenlandiyanın müstəqilliyinə və ya ABŞ-yə birləşməsinə mane olacağı təqdirdə Danimarkaya rüsumlar tətbiq edəcəyi ilə hədələyib.
Xatirə SADİQ