Deputatın Nazirlər Kabinetində işə düzəltdirdyi əmisi nəvəsi cəbhəçidir? - ABŞ-dən bu adla sığınacaq alıb
Jurnalist Cavanşir Həsənli Milli Məclisin komitə sədri Hicran Hüseynova ilə bağlı növbəti sensasion məlumat yayıb.
Jurnalist yazır ki, Hicran Hüseynovanın əmisi nəvəsi ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq alıb.
SAVASHMEDİA.az Cavanşir Həsənlinin sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:
"Milli Məclisin komitə sədri Hicran Hüseynovanın Nazirlər Kabinetində Aparat rəhbərinin köməkçisi kimi işə düzəltdirdiyi əmisi nəvəsi ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq alıb".
2024-cü ilin sentyabrında jurnalist Cavanşir Həsənli Hicran Hüseynova və bacısının Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirməsi barədə xəbər yaymışdı. Jurnalistin araşdırmasına görə, tikinti ilə bağlı bələdiyyə sənədinə əsasən, kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.
Hicran Hüseynova bu məsələ ilə bağlı nəhayət ki, açıqlama verib. Fransadakı mülklərlə bağlı ortaya sənəd qoyulmasını istəyir.
Deputatın bu açıqlamasına Cavanşir Həsənli belə reaksiya verib:
"Deyib ki, sənəd göstərəydilər ki, mənim adımadır. Əlbəttə ki, rəsmi olaraq öz adını qeyd etdirməyib, bacısının və onun həyat yoldaşının adına rəsmiləşdirib.
Sənədlər məndə...
Vaxt məhdudiyyəti ilə bağlı ətraflı yaza bilməmişəm. Amma xanım deputatımızı da çox intizarda saxlamayacağam. Toplu halında, külliyyat şəklində dərc edəcəyəm. Hələlik isə aşağıda bir vərəqini təqdim edirəm. Orada Fransada Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində Kamranovnalara aid sökülən villanın ümumi dəyəri təxminən 6 milyon avro qiymətləndirilir. Mən isə xətaya yol verərək 5 milyon olduğunu qeyd etmişdim. İmza xanım Kamranovnaya aiddir".