Donald Tramp zibil daşıyan kommunal işçisi rolunda ortaya çıxdı 

ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkə prezidenti Co Baydeni daha güclü tənqid etmək üçün zibildaşıyan maşının işçisi paltarını geyinib.

Oct 31, 2024 - 14:50
Donald Tramp zibil daşıyan kommunal işçisi rolunda ortaya çıxdı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. 

Viskonsin ştatının Qrin Bey (Green Bay) şəhərindəki seçkiqabağı kampaniya tədbirinə şəxsi təyyarəsi ilə gələn Tramp kostyumunun üstündən kommunal işçisinin narıncı rəngli jiletini geyinib və bu münasibətlə kampaniya loqosu ilə bəzədilmiş ağ zibil maşınına minib.

Qeyd edək ki, bir gün öncə latın amerikalılarının hüquqlarını müdafiə edən bir qrup fəalla videobağlantı zamanı Co Bayden komik aktyor Toni Hinkçlifin Trampın seçkiqabağı mitinqində Puerto Rikonu təhqiramiz şəkildə “üzən zibil adası” adlandırmasına münasibət bildirib. 

“Orada gördüyüm yeganə üzən zibil onun (Trampın – red) tərəfdarlarıdır”, - deyə Bayden vurğulayıb. 

Sonra Bayden vəziyyəti düzəltməyə çalışıb. Bildirib ki, Trampın və onun fanatiklərinin latın amerikalıları iblisləşdirməsinin qəbuledilməzliyini vurğulamaq istəyib. 

Tramp bundan istifadə edərək Baydenin sözü ilə, sözün əsl mənasında, oynamağı qərara alıb.

Kabinəyə əyləşdikdən sonra Tramp ətrafdakılardan onun zibildaşıyan maşınının necə olduğunu soruşub və bunu “Kamala və Co Baydenin şərəfinə” etdiyini söyləyib.

Tramp həmçinin Hinkçlifdən imtina etməyə çalışıb. “Mən bu komediya ustası haqqında heç nə bilmirəm. Onun kim olduğunu bilmirəm, heç vaxt görməmişəm. Onun açıqlamasını eşitmişəm, amma bu, onun açıqlaması olub. Komikdir, burada nə demək olar. Mən Puerto Rikonu sevirəm, Puerto Riko da məni sevir”, - deyə Donald Tramp vurğulayıb.

Sonra o, kommunal əməkdaşlarının jiletində təbrin keçirildiyi məkanda quraşdırılmış səhnəyə çıxıb. 

Qeyd edək ki, bu yaxınlarda Kamala Harrisin tələbəlik illərində “MakDonalds”da çalışdığını bildirməsinə cavab olaraq Tramp jurnalistlərin qarşısına “MakDonalds” işçisi rolunda çıxmışdı. 

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Sorğular göstərir ki, amerikalıların 80%-dən çoxu   hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, nəticələri qəbul etməyə hazırdır. 

Xatirə SADİQ