Dini lider Vaşinqtona meydan oxudu - “Siz kimsiniz ki…”
İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin uranın zənginləşdirilməsindən əl çəkməyəcəyini bəyan edib.
SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, Əli Xamenei bunu televiziya çıxışında deyib.
Ali dini rəhbər Vaşinqtonun qoyduğu əsas şərti İslam Respublikasının maraqlarına zidd olaraq xarakterizə edib.
“Uran zənginləşdirilməsi bizim nüvə proqramımızın əsas elementidir və düşmənlər məhz zənginləşdirmənin üzərində diqqəti cəmləyiblər. ABŞ-nin kobud və təkəbbürlü liderləri daim bizim nüvə proqramının olmamasını tələb edirlər. Siz kimsiniz ki, İranı zənginləşdirmə ilə məşğul olmasına qərar verəsiniz?”, - deyə ayətullah vurğulayıb.
Məlum olub ki, İran-ABŞ danışıqlarında vasitəçilik edən Oman Vaşinqtonun təklifini şənbə günü Tehrana çatdırıb.
Danışıqların beş raundundan sonra da bir sıra mürəkkəb məsələləri, o cümlədən Tehranın uranı öz torpağında zənginləşdirməyə davam etmək istəyini və nüvə silahı hazırlamaq üçün istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uranın bütün mövcud ehtiyatını xaricə göndərməkdən imtinasını həll etmək mümkün olmayıb.
Xatirə SADİQ