"Edam prosesini səfirliyimizin 2 əməkdaşı izləyib" - Ayxan Hacızadə
Ayxan Hacızadə edamın icra olunması prosesini səfirliyin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkilin müşahidə etdiyini bildirib
27 yanvar 2023-cü il tarixində Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü il tarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Ayxan Hacızadə edamın icra olunması prosesini səfirliyin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkilin müşahidə etdiyini bildirib və sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında olduğu qeyd edib: "Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".