Əli Əsədovun "sevimli" jurnalistləri kimdir? - O, hansı saytlara məlumat ötürüb?
Dünən dərc edilən "Əli Əsədovun biznes və tikinti imperiyası..." yazısı yoxsul Azərbaycan gündəminə bomba kimi düşdü.
Sözügedən yazıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sahib olduğu obyektlərin siyahısı verilib, onun digər qanunsuz əməlləri sadalanıb.
Oxucu həmin məqalənin detalları ilə yaxşı tanış olduğundan təfərrüatlara varmaq niyyətində deyilik. Bu yazının məqsədi sözügedən məqalədə köməkçi ştrix kimi işlənən, əslində isə kifayət qədər ciddi ittihamlarla zəngin olan bir hissənin araşdırılmasıdır. Beləliklə...
Məqalədən SİTAT: "Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur".
İttiham kifayət qədər ağır və açıqdır - Əli Əsədov komanda yoldaşlarını "sevimli" jurnalistləri vasitəsilə ləkələməkdə günahlandırılır. Bəs kimlərdir və ya kimlər ola bilər, həmin "sevimli" jurnalistlər? Əli Əsədov mediaya, həqiqətən də, hansısa məxfi məlumatlar ötürübsə, bu media orqanları hansılardır?
Açığı, ölkə mediasında hazırda vəzifədə olan hansısa məmurun ardıcıl olaraq hədəfə alındığını xatırlamıram. Bizdə adətən bu kateqoriyadan olan yazılar məmurlar "vurulduqdan" sonra dərc olunur. Bəlkə də, diqqət etməmişəm, hansısa vəzifə sahibi haqqında olduqca "ŞOK" və ya ifşaedici məlumatların dərcini qaçırmışam, mümkündür. Amma xatırlamıram.
Həmin yazılara ilkin mənbə rolunu oynayan saytlar aşkarlanarsa, Əli Əsədovun "sevimli"lərinin kimliyini müəyyənləşdirmək o qədər də çətin olmaz. Əgər məsələ ciddidirsə (düşünürəm ki, ciddidir - red) lazımi orqanlar həmin "sevimli"lərin kimliyini araşdıracaq, bəlkə də, indiyə qədər araşdırıb. Amma bu variant işləməyəcəksə, digər ehtimal üzərində dayanmaqdan başqa yol qalmır.
Əli Əsədovun kompromat ötürdüyü media subyekti və ya subyektləri ölkə daxilində deyilsə, vəziyyət daha dramatik hal alır. Belə olan halda masaya Baş nazirimizin xaricdəki blogerlərlə işbirliyi ehtimalı gəlir. Bunu məntiq deyir.
Məntiq yolu ilə gəlinən nəticə isə hələ fakt deyil. Onun fakta çevrilmək şansı da var, rədd edilmək ehtimalı da. Bu isə həm də Əli Əsədovun xilas olub, olmayacağı deməkdir.
Oğuz
SAVASHMEDİA.az