Əlişir Usmanov Hamburq məhkəməsində qalib gəldi – Biznesmen nədə ittiham olunurdu?
Hamburq Məhkəməsi Almaniyanın ARD telekanalının efirində rusiyalı iş adamı Əlişir Usmanovun Parisdə keçirilən Olimpiadada “hakimlərə rüşvət vermək sistemi” yaratması ilə bağlı açıqlamaları böhtan kimi tanıyıb.
SAVASHMEDİA Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə telekanala inzibati həbs və ya hər bir qanun pozuntusuna görə 250 min avroya qədər cərimə təhdidi altında bu cür materialların yayılmasını qadağan edib.
İş adamına qarşı ittihamlar jurnalist Hajo Seppeltin xəbərlərində yer alıb. Bu jurnalist qalmaqallı idman xəbərləri, o cümlədən Rusiya idmanında dopinqlə bağlı araşdırmaları ilə məşhurlaşıb.
Usmanovun mətbuat xidmətindən bildirilib ki, bir sıra Avropa mediası artıq etiraf edib ki, biznesmenlə bağlı öz iddialarını sübut edə bilmir. Ona görə də onların yayılmasını dayandırmaq üçün yazılı öhdəliklər imzalanıb.
Qeyd edək ki, Əlişir Usmanov 2008–2022-ci illərdə Beynəlxalq Qılıncoynatma Federasiyasına (FIE) rəhbərlik edib və Aİ-nin sanksiyaları səbəbindən könüllü olaraq prezidentlik səlahiyyətlərini dayandırıb.
Xatirə SADİQ