Azərbaycan əsilli biznesmen qətldə ittiham olunur - Moskvada

Moskvadakı Basmannı rayon məhkəməsi bu gün Azərbaycan əsilli milyarder İbrahim Süleymanovun həbsi ilə bağlı Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin vəsatətinə baxacaq. 

Oct 3, 2025 - 15:20
Azərbaycan əsilli biznesmen qətldə ittiham olunur - Moskvada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” mənbələrinə istinadən məlumat yayıb. 

Nəşr qeyd edib ki, istintaq İbrahim Süleymanovu 2004-cü ildə maliyyə sağlamlaşdırılması və iflas üzrə Federal xidmətin keçmiş rəhbəri Georgi Talın sifarişli qətlini təşkil etməkdə ittiham edir.

“AzadlıqRadiosu”nun məlumatına görə, İbrahim Süleymanovun həbsindən öncə bu iş üzrə Abakar Darbişev adlı digər şübhəli saxlanılıb. Onun qətlin icraçısı olduğu güman edilir. Darbişevin milyarderə qarşı ifadə verdiyi və hüquq-mühafizə orqanlarının avtomobilində vəfat etdiyi iddia edilir. Süleymanovun “Vnukovski Hava Yolları”nın həmkarlar ittifaqı komitəsinin sədri Gennadi Borisovun qətlində də əli olması ilə bağlı istintaqa cəlb olunduğu gələn məlumatlar arasındadır.

İbrahim Ameyeviç Süleymanov 1967-ci il mayın 29-da Dağıstan Respublikasının Rutul kəndində anadan olub. 

Rusiya mediası iddia edir ki, o, hazırda Rusiyanın ən qapalı və güclü milyarderlərindən biri hesab olunur. Onun “YUKOS”un keçmiş həmsahibi Platon Lebedevin qızı ilə evli olması elit dairələrə yolunu açıb, ona qorunma, vergi və hüquq-mühafizə orqanlarının nəzərindən kənarda qalaraq xarici sərvətlərə sərəncam vermək imkanı verib. Onun həm də Federasiya Şurasının üzvü Süleyman Kərimovun biznes tərəfdaşı olduğu diqqətə çatdırılır.

Onun qardaşı Davud Süleymanov keçmişdə Dağıstanın Rutulski rayonuna rəhbərlik edib. Rusiya mediasının iddiasına görə, İbrahim Süleymanov qardaşının vasitəsilə regional siyasətə və seçki proseslərinə təsir göstərib.

Milyarder 2004-cü ildə Rusiya Futbol Premyer Liqasının rəhbərinin müavini olarkən dələduzluq, çirkli pulların yuyulması və qanunsuz silah saxlamaqda ittiham olunub. O, 10 il 10 ay müddətinə azadlıqdan məhrum edilərək vaxtından əvvəl azadlığa buraxılmışdı.

Xatirə SADİQ