"Ramiz Mehdiyev oturaqlı halda idi, hakim soruşdu ki..." - Eldar Namazov

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda politoloq Eldar Namazov da iştirak edib. 

Oct 20, 2026 - 18:05
"Ramiz Mehdiyev oturaqlı halda idi, hakim soruşdu ki..." - Eldar Namazov

SAVASHMEDİA.az xatırladır ki, o, məhkəmənin binası önündə də görüntülənib. Prezident Aparatının (indiki Administrasiya - red. ) Katibliyinin keçmiş rəhbəri, uzun illər R.Mehdiyevlə birlikdə işləmiş E.Namazov bu prosesə şahid qismində dəvət olunub.

Məsələ ilə əlaqədr oxu.az-a danışan Eldar Namazov qeyd edib ki, məhkəmə işində Ramiz Mehdiyevin son illərdə çevrilişinə cəhd və onun əvvəlki illərdə fəaliyyəti ilə bağlı fikirlərini almaq istəyiblər.          

E.Namazov vurğulayıb ki, hələ 2020-ci ildə Mehdiyevin fəaliyyəti ilə bağlı "Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası" geniş məqalə yazıb:

"Həmin məqalədə göstərmişdim ki, Ramiz Mehdiyevin yaratdığı şəbəkə Azərbaycan dövlətçiliyi üçün nə qədər böyük təhlükə yaradır. Xəbərdarlıq etmişdim ki, hələ qabaqda bu şəbəkədən bizim üçün böyük təhlükələr olacaq. Daha sonra isə onun etdiyini müvafiq qurumlar üzə çıxardı. Dediyim kimi, məhkəmə müxtəlif suallar verdi, mən də cavablandırdım. Müəyyən mövzular ətrafında fikirlərimi aldılar. Ramiz Mehdiyev prosesə onlayn qoşulmuşdu. Oturaqlı halda idi. Tam anlaqlı vəziyyətdə idi. Mənim çıxışımdan sonra hakim ondan sualının olub-olmadığını soruşdu. Ramiz Mehdiyev isə "yox" cavabını verdi. Mənim dediklərimi isə təsdiq etdi. Yəni başa düşmək, fikir bildirmək qabiliyyəti var".

Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Onun barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.