Putinin etimad göstərdiyi iş adamı saxlanıldı - Yerli istehsal əvəzinə Çin dronları

Rusiyada tanınmış iş adamı, "Efko" şirkətinin təsisçisi və direktorlar şurasının sədri Valeri Kustov dələduzluq işi üzrə saxlanılıb.

Jul 31, 2026 - 14:40
Putinin etimad göstərdiyi iş adamı saxlanıldı - Yerli istehsal əvəzinə Çin dronları

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Kustovla yanaşı şirkətin daha üç rəhbər şəxsi və Sənaye və Ticarət Nazirliyinin pilotsuz sistemlər və robototexnika departamentinin rəhbər müavini Alla Polovçenya da istintaqa cəlb olunub.

İddialara əsasən, şirkət Çindən alınan pilotsuz uçuş aparatlarını (PUA) Rusiyada hazırlanmış yerli məhsul kimi təqdim edib. 

Xatırladaq ki, Valeri Kustovun rəhbərlik etdiyi "Efko" şirkəti son illər Kremlin prioritet hesab etdiyi layihələrdə daim iştirak edib. Valeri Kustova ölkə rəhbərliyinin, xüsusilə də prezident Putinin münasibəti həmişə xoş olub. Məsələn, 2024-cü ilin martında Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə EFKO-nun yeni istehsal müəssisəsinin açılışında iştirak edib. Tədbirdə şirkətin rəhbərliyinə, o cümlədən Valeri Kustova təşəkkür edilib.Lakin şirkətin Çin istehsalı olan dronları yerli məhsul kimi təqdim etməsi həm şirkətin,  həm Valeri Kustovun sonunu gətirib.

"Efko" şirkəti isə yayımladığı açıqlamada saxlanılan əməkdaşlarını dəstəklədiyini bildirib və istintaq başa çatana qədər müxtəlif ehtimallar irəli sürülməməsinə çağırış edib. Şirkət barəsində səsləndirilən ittihamları qəbul etməyib.

Qeyd edək ki, "Efko" Rusiyanın ən iri günəbaxan yağı istehsalçılarından biridir. Şirkət 2021-ci ildən etibarən pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı ilə də məşğul olur. 

Səlcuq