Makronun arvad qohumlarına jesti Fransanı qarışdırdı - O mağaza niyə xüsusi qorunur?
Fransada prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun ailəsinə məxsus şokolad mağazasının qarşısında çoxsaylı polislərin yerləşdirilməsi qalmaqala səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, etirazçıların digər obyektləri dağıtması fonunda prezident xanımının ailəsinə məxsus mağazanın xüsusi qorunması narazılıqla qarşılanıb.
Belə ki, oktyabrın 17-də Amyen şəhərində yerləşən mağazanın qarşısında təxminən altı polis furqonu yerləşdirilib. Sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər bütün ölkə boyu etirazlara səbəb olub.
Polis həmkarlar ittifaqı etirazlar zamanı çoxsaylı mağazalara hücum edildiyi bir vaxtda məhz bu obyektin xüsusi mühafizə olunmasının səbəbinin açıqlanmasını tələb edib.
Rəsmi qurumlar isə ittihamları rədd edib. Bildirilib ki, polislər yalnız həmin mağazanı deyil, şəhər mərkəzindəki ticarət obyektlərini qorumaq üçün göndərilib.
Xatırladaq ki, sözügedən şokolad biznesinin əsası 1872-ci ildə Bricit Makronun ulu babası Jan-Batist Tronnyö tərəfindən qoyulub. Hazırda isə ailə müəssisəsinə Bricit Makronun qardaşı oğlu, 65 yaşlı Jan-Aleksandr Tronnyö rəhbərlik edir.
Oğuz