Ermənistan hökuməti Aİ-yə daxil olma prosesinə başladı
Ermənistan hökuməti yanvarın 9-da keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.
SAVASHMEDİA.az erməni KİV-nə istinadən xəbər verir ki, bu məsələ xarici işlər naziri Ararat Mirzoyan tərəfindən hökumətə təqdim edilib.
“Ermənistanın Aİ-yə üzvlüyü prosesinə başlamaq haqqında qanun layihəsi vətəndaş təşəbbüsü kimi Milli Assambleyanın müzakirəsinə çıxarılıb və indi hökumət öz mövqeyini bildirməlidir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, son illər Ermənistan və Aİ arasında kifayət qədər gərgin və dinamik əlaqələr olub: “Onlar çox intensiv olub və müxtəlif sahələri əhatə edib. Aİ dəfələrlə Ermənistanda demokratiyaya güclü siyasi dəstəyini ifadə edib. Aİ faktiki olaraq Ermənistan ətrafında təhlükəsizlik mühitinin təmin edilməsində iştirak edir. Mən Aİ-nin mülki monitorinq missiyasının yerləşdirilməsini nəzərdə tuturam”.
Mirzoyan qeyd edib ki, Aİ Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə dəstək verməyə də hazırdır.
Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qərar referendumda təsdiqlənməlidir.
Hökumət tərəfindən təsdiqləndikdən sonra qanun layihəsi parlamentdə də səsə qoyulmalıdır.
Xatirə SADİQ