Çin lideri iqtisadçının bu sözlərinə qəzəblənib - Nə demişdi?
Çin lideri Si Cinpin ölkənin iqtisadi artımı ilə bağlı məlumatları Pekinin şişirtdiyini iddiası ilə çıxış edən yerli iqtisadçı Qao Şanvenin sözlərindən qəzəblənib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşr yazıb ki, Si son illərdə ölkədə real ÜDM-in artım templərinin rəsmən bəyan edildiyindən iki dəfədən çox aşağı ola biləcəyini deyən iqtisadçının cinayət məsuliyyətinə cəlb edilməsini əmr edib.
“Biz Çin iqtisadiyyatının real artımının dəqiq göstəricilərini bilmirik. Mənim təxminlərimə görə, real [ÜDM artımı] son iki-üç il ərzində orta hesabla təxminən 2% təşkil edib. Hərçənd, rəsmi rəqəm 5%-ə yaxındır”, - deyə iqtisadçı dekabrda Vaşinqtonda keçirilən forumda bildirib.
Çin liderini daha da qəzəbləndirən isə Qaonun ölkə rəhbərliyinin iqtisadi artımı stimullaşdırmaq üçün lazım olan addımları atmaq qabiliyyətini şübhə altına alması olub. Ekspert Pekinin bununla bağlı səylərini “opportunuzm” adlandırıb.
“Düşünmürəm ki, onlar vəd etdiklərini əminliklə yerinə yetirə bilərlər”, - deyə Qao vurğulayıb.
WSJ qeyd edib ki, Çin hakimiyyətinin iqtisadi siyasəti tənqid edən və ya ölkə iqtisadiyyatındakı problemlərə işarə edənlərə qarşı bu cür hərəkətləri ilk dəfə deyil.
Keçən il iqtisadçı Çju Henpen özəl qrup söhbətində Si Cinpinin iqtisadiyyatdakı hərəkətləri ilə bağlı tənqidi mesajlarına görə istintaqa məruz qalıb.
Xatirə SADİQ