Ermənistan müharibəyə başlayacaq? - Rubionun xəbərdarlığı, Lavrovun səfəri və...

ABŞ Dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə köməkçi Marko Rubio Azərbaycanla Ermənistan arasında real silahlı münaqişə riskinin olduğunu söyləyib.

May 21, 2025 - 19:52
Ermənistan müharibəyə başlayacaq? - Rubionun xəbərdarlığı, Lavrovun səfəri və...

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin dinləmələrində çıxışı zamanı danışıb.

"Bölgəyə münasibətdə əsas diqqətimiz Azərbaycan və Ermənistan arasında sülhü təmin etməyə yönəlib. Orada əsl münaqişə riski var və biz bunun qarşısını almağa çalışırıq", - Rubio qeyd edib.

Xatırladaq ki, ABŞ dövlət katibinin bu gözlənilməz bəyanatı Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda səfərdə olduğu vaxta təsadüf edib.  Bəlkə də təsadüfdür, amma...

Amması o ki, Sergey Lavrov Yerevanda keçirdiyi görüşlərdən sonra Ermənistanla bütün narazılıqları arxada qoyduqlarını bəyan edib.

"Bu gün Xarici İşlər Nazirliyində apardığımız danışıqlar və prezidentlə görüşümüz təsdiq etdi ki, biz qarşılıqlı inamsızlıq və ya qarşılıqlı narazılıq mərhələsini arxada qoymuşuq. Biz başa düşürük ki, bu etimadsızlıq və narazılıq tamamilə mənasızdır, çünki real faktlar var və biz onlardan çıxış edəcəyik", - Lavrov əlavə edib.

Səlcuq