Əsəd ölkəsinin var-dövlətini dekabrın 6-dan çıxarmağa başlayıb - “Reuters”

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədən qaçmaqdan əvvəl 500 min dollar pul, qiymətli əşyalar, sənədlər, habelə məxfi məlumatların olduğu noutbuk və sərt disklər götürüb. 

Apr 17, 2025 - 16:32
Əsəd ölkəsinin var-dövlətini dekabrın 6-dan çıxarmağa başlayıb - “Reuters”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Əsədə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər.

Məlumatına görə, əmlakın daşınması “Embraer Legacy 600” təyyarəsi vasitəsilə həyata keçirilib. Təyyarəni isə Əsədin iqtisadi müşaviri Yassar İbrahimin livanlı iş adamı, “Flying Airlines” şirkətinin sahibi Mohamad Vehbedən icarəyə götürüb. 

Uçuş izləmə xidmətlərinin məlumatlarına görə, icarəyə götürülmüş təyyarə Əsəd rejiminin süqutundan 48 saat əvvəl Birləşmiş Ərəb Əmirliklərinə və Suriyaya bir neçə reys həyata keçirib. Dəməşqdən Abu-Dabidəki Əl-Batin hava limanına ilk iki reys dekabrın 6-da həyata keçirilib. 

O zaman Əsəd ailəsinin üzvləri nağd pul, eləcə də rəsm və kiçik heykəllər daşıyaraq Suriyanı tərk ediblər. Təyyarə dekabrın 7-də axşam saatlarında Suriya paytaxtından 3-cü dəfə havaya qalxıb. Layner nağd pullar doldurulmuş qara kisələrlə yüklənib. Bundan əlavə, o, maliyyə qeydləri, şirkət və daşınmaz əmlaka sahiblik hüquqları, pul köçürmələri və ofşor hesablar haqqında məlumatlardan ibarət olan sərt diskləri və elektron cihazları gətirib. 

Suriyanın yeni hakimiyyəti Rusiyadan Əsədi və onun ən yaxın köməkçilərini ekstradisiya etməyi tələb edir. Dəməşq ölkənin de-fakto lideri Əhməd Şaraa adından Moskvaya eks-prezidentin sonrakı mühakiməsi üçün ekstradisiyasına dair rəsmi sorğu göndərib. 

“Reuters”in məlumatına görə, Suriya hakimiyyəti həm də Əsədin qaçarkən özü ilə apardığı vəsaitlərin geri qaytarılmasını istəyib. Rusiya rəsmiləri buna hələ cavab verməyib. 

Eyni zamanda Rusiya prezidenti Vladimir Putin əməkdaşlığı davam etdirməyi Dəməşqə təklif edib. Ölkədəki hərbi bazalarını qorumaq ümidi ilə Rusiya Suriyaya bir neçə tanker neft göndərib, eləcə də Əsəd dövründə Moskvada çap olunan Suriya pul vahidi təyyarə ilə Dəməşqə çatdırılıb.

Xatirə SADİQ