Ev dustaqlığında olan jurnalist Parisdə tapıldı
Ev dustaqlığından qaçdıqdan sonra Rusiyada axtarışa verilən jurnalist və kino tənqidçisi Yekaterina Barabaşın Parisdə olduğu aydınlaşıb.
SAVASHMEDİA.az bu barədə “Azadlıq Radiosu”na istinadən xəbər verir.
Məlumata görə, jurnalist bazar ertəsi Fransanın paytaxtında keçirdiyi mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə, Rusiyanı tərk edərək Fransaya keçməsinə Sərhədsiz Reportyorlar (RSF) təşkilatı kömək edib.
Rusiyada jurnalistə qarşı ordu haqqında qondarma saxta məlumatlar yaymaq ittihamı irəli sürülüb. Onu 10 ilə qədər həbs cəzası gözləyirdi. Bu il aprelin 21-də onun məhkəməyə gəlmədiyi və hakimiyyət tərəfindən axtarışa verildiyi məlum olub.
Yekaterina Barabaş
Bu günə kimi Barabaşın harada olduğu məlum olmasa da, onun Kiyevdə yaşayan oğlu Yuri Barabaş aprelin 30-da anasının sağ-salamat olduğu xəbərini “Facebook” səhifəsində belə paylaşıb: “O, dəstəyə görə hər kəsə səmimi qəlbdən təşəkkür edir və hər kəsə öz sevgisini göndərir”.
Berlin Beynəlxalq Film Festivalından qayıdandan az sonra Yekaterina Barabaş fevralın 24-də Moskvada saxlanılıb. Ertəsi gün o, rus ordusu haqqında yalan xəbər yaymaqda ittiham olunub və ev dustaqlığına buraxılıb.
Barabaşa qarşı cinayət işi “Facebook”dakı dörd paylaşımına əsasən qaldırılıb. Onlardan üçü həbs olunana qədər artıq silinmişdi, digərində isə Rusiyanın Ukraynadakı bombardmanları haqqında bəhs edilirdi.
İstintaq hesab edib ki, bu yazılarda “Rusiya Federasiyası Silahlı Qüvvələrinin başqa dövlətin ərazisindəki hərəkətləri haqqında bilərəkdən yalan məlumatlar var”.
Rusiyanı necə tərk edə bildiyi barədə təfərrüatları açıqlamayan Barabaş yolunun çətin olduğunu və iki həftədən çox çəkdiyini vurğulayıb.
Xatirə SADİQ