Eynulla Fətullayev Haqqin.az saytını satıb? - Özündən AÇIQLAMA
Tanınmış jurnalist, Haqqin.az saytının keçmiş rəhbəri Eynulla Fətullayev Azərbaycan mediasının hazırkı vəziyyətini sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, Eynulla Fətullayev sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bəzi xəbər saytlarının peşəkarlıq səviyyəsinin ciddi şəkildə aşağı düşdüyünü bildirib.
Jurnalist özünün "Haqqin.az" MMC-dəki payını satması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək, bəzi media qurumlarının “Eynulla Fətullayevin vəzifəsinə təyinat olub” başlıqlarından istifadə etməsini istehza ilə qarşılayıb.
“Azərbaycan mətbuatı həyatın dibinə yuvarlana-yuvarlana gedir. Ölkənin "aparıc"’ xəbər saytlarından biri cəmiyyətə elan edir: "Eynulla Fətullayevin vəzifəsinə təyinat olub". Guya Eynulla nazir və ya bələdiyyə sədri olub ki, onun da yerinə təyinat olsun?”, - o qeyd edib.
Jurnalist həmçinin "Haqqin.az" MMC-dəki bütün payını satdığını təsdiqləyib. O, bu qərarın səbəbləri və gələcək planları barədə yaxın vaxtlarda geniş açıqlama verəcəyini bildirib.
Fətullayev hazırkı vəziyyəti tənqid edərək, “Eynulla medianı nüfuzuna görə 4-cü hakimiyyətə çevirə bilmişdi. Siz isə medianı şkonkanın altına saldınız”, sözlərini yazıb.
Xatırladaq ki, "şkonka" ifadəsi həbsxana jarqonudur. Məhbusların yatdığı dəmir çarpayıya və ya yataq yerinə "şkonka" deyilir. Azərbaycan dilində "şkonkanın altına salmaq" ifadəsi məcazi mənada işlədilir və adətən alçaltmaq, nüfuzdan və hörmətdən salmaq mənasına gəlir.
Oğuz