Elçibəyin oğlu niyə qarət olunan evdə yaşamır? - "O maaşla orda yaşamaq olmaz"
Mərhum eks-prezident Əbülfəz Elçibəyin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki Əlixanov küçəsi-38 ünvanında yerləşən evi qarət olunub.
SAVASHMEDİA.az-ın məlumatına görə, hadisənin təfərrüatları barədə Modern.az-a danışan mərhumun qohumu Çingiz Özgür deyib ki, olay zamanı evdə yaşayış olmayıb.
Bəs Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev harada olub?
Çingiz Özgür məsələyə belə aydınlıq gətirib:
"Həmin evdə ümumiyyətlə yaşayış yoxdur. Mərhum bəyin oğlu Ərturqut Əliyev orada deyil, başqa mənzildə yaşayır. Çünki Rəsulzadə qəsəbəsindəki Əlixanov küçəsi-38 ünvanında yerləşən evi yaşanılacaq hala gətirmək və orada yaşmaq Ərturqut bəyin iqtisadi durumu ilə üst-üstə düşmür. Oranın kommunal xidmətlərinin qarşılanması, içinin əşyalarla doldurulması çətin məsələdir, çoxlu vəsait tələb edir. Məmur maaşı, yəni 1000 manat civarında əmək haqqı alan adam orada işıq, qaz, su pulunu və digər xidmət haqlarını ödəyə bilməz".
Oğurluq zamanı mərhum eks-prezidentin maşınına da ziyan vurulub. Bəs söhbət hansı maşından gedir?
Çingiz Özgür suala cavabında bunları deyib:
"Söhbət "Nissan Gloria" markalı avtomobildən gedir. Səhv etmirəmsə, 1998-ci ildən ömrünün sonunadək həmin avtomobil Elçibəyin xidməti maşını olub. Maşın hazırda evin qarajında saxlanılır".