"Putindən çox narazıyam, Ukraynaya silah göndərəcəyik" - Tramp
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya hərbi yardımı artırmaq niyyətindədir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı açıqlayıb.
KİV nümayəndəsinin Ukraynaya əlavə silah göndərmək planları ilə bağlı sualını cavablandırarkən ABŞ prezidenti bildirib ki, Ukraynaya silah göndərəcəklər.
“Biz bunu etməyə məcburuq. Onlar özlərini müdafiə etməyi bacarmalıdırlar. Onlara hazırda çox güclü zərbələr endirilir. Biz daha çox silah göndərməyə məcbur olacağıq. Onlar əsasən müdafiə silahlarıdır, lakin çox güclü zərbələr endirirlər. Bu qırğında həddindən artıq insan həlak olur”, -Tramp vurğulayıb.
Tramp həm də rusiyalı həmkarı Vladimir Putinlə nəticəsindən narazı qaldığı son söhbətini də xatırladıb: “Mən açığı, çox məyusam ki, Putin dayanmadı. Putindən qətiyyən razı deyiləm”.
Bu arada Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərməyə başlayıb.
“Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərir ki, biz davamlı sülhü təmin etmək və qətlləri dayandırmaq üzərində çalışarkən ukraynalılar özlərini müdafiə edə bilsinlər”, - Parnell vurğulayıb.
Xatirə SADİQ