"Ukraynanın sərhədləri dəyişəcək, müharibə bitir" - Trampdan AÇIQLAMA

“Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlar nəticəsində Ukraynanın sərhədləri dəyişə bilər”.

Nov 9, 2026 - 12:42
"Ukraynanın sərhədləri dəyişəcək, müharibə bitir" - Trampdan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp CBS telekanalına müsahibəsində deyib.

O, mümkün razılaşma çərçivəsində Ukraynanın hansı əraziləri itirə biləcəyi ilə bağlı konkret təfərrüat açıqlamayıb:

 “Məncə, bu müharibəni həll edəcəyik. Bunun baş verəcəyini düşünürəm. Nəticədə sərhədlər bir qədər dəyişmiş olacaq”.

Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlərin sülh danışıqlarını çətinləşdirdiyini qeyd edib:

“Bu müharibə başa çatacaq və bunun tezliklə baş verəcəyinə inanıram. Müharibənin bitməsinin yeganə səbəbi də mən olacağam”.

Putinin danışıqları uzatdığı barədə fikirlə razılaşmadığını bildirən Tramp sanksiyaları xatırladaraq “ Rusiyaya qarşı məndən daha sərt heç kim olmayıb” deyib.

ABŞ lideri Ukraynaya silah tədarükü məsələsinə də toxunub. Onun sözlərinə görə, Vaşinqton Kiyevə dəstək göstərmək üçün Avropa ölkələrinə silah satır və həmin ölkələr bunun əvəzini tam ödəyirlər.

Tramp Ukraynanın “Starlink” peyk rabitə sisteminə çıxışının məhdudlaşdırılması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, sistemə çıxışı kimin dayandırdığı barədə məlumatı olmayıb. İlon Mask sonradan Ukraynanın sistemdən yenidən istifadə etməsinə imkan yaradıb.

Qeyd edək ki, Ukrayna ordusunun pilotsuz uçuş aparatları və erkən xəbərdarlıq sistemlərinin fəaliyyətində “Starlink” texnologiyasından istifadə olunur. Sistemə çıxışın məhdudlaşdırılmasının səbəbi ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, Tramp və Mask bu məhdudiyyətin ABŞ Prezidentinin tələbi ilə tətbiq edildiyi barədə iddiaları təkzib ediblər.

Banu