İstanbulda kirayə qaldığı villanın sahibi İkardini MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
Türkiyənin “Qalatasaray” klubunun keçmiş futbolçu Mauro İkardi İstanbulda kirayəyə götürdüyü lüks villa ilə bağlı məhkəməyə verilib.
SAVASHMEDİA.az xəbər verir ki, futbolçu illik 504 min dollara (təxminən 23 milyon 330 min lirə) kirayəyə götürdüyü villanı müqavilənin başa çatmasına dörd ay qalmış tərk edib.
Bu səbəbdən ev sahibi şirkət İkardidən həmin 4 aylıq müddət üçün 8 milyon lirə kirayə haqqı ödəməsini tələb edib. Argentinalı futbolçunun ödənişdən imtina etməsindən sonra şirkət onun barəsində icra təqibinə başlayıb.
İkardinin vəkilləri vasitəsilə bu qərara etiraz etməsi mübahisənin məhkəməyə daşınması ilə nəticələnib. Ev sahibi şirkət etirazın ləğvi tələbi ilə İstanbul Sülh Hüquq Məhkəməsinə müraciət edib.
İddia ərizəsində villanın təhvil verilərkən zədələndiyi və futbolçunun əmlaka ciddi ziyan vurduğu da irəli sürülüb.
Şirkət transfer dövrünün başa çatmasından sonra İkardinin ölkəni tərk edə biləcəyini əsas gətirərək onun əmlakına ehtiyati həbs qoyulmasını da tələb edib. Lakin məhkəmə təqdim olunan materialları araşdırdıqdan sonra şirkətin bu müraciətini təmin etməyib.
Hazırda tərəflər arasındakı 8 milyon lirəlik borc və təzminat tələbi ilə bağlı məhkəmə prosesi davam edir.
Banu