O hadisəyə görə Ərdoğan işdən çıxarmışdı - Bu gün HƏBS EDİLDİ + FOTO
Türkiyənin keçmiş Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya fond əməliyyatları ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub.
SAVASHMEDİA.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Kaya “cinayətkar təşkilata üzv olmaq” və “Kapital Bazarları haqqında qanunu pozmaq” ittihamları ilə saxlanılıb.
İstintaq materiallarına əsasən, Kaya Tera Qrupunun rəhbər şəxsləri ilə əlaqədə olub və Özata Denizcilik şirkətinin OZATD səhmlərini fondların ləğvi barədə qərarın açıqlanmasından bir gün əvvəl – sentyabrın 16-da satıb. Səhmlərin satışından əldə olunan vəsaitin həmin gün onun hesabına köçürüldüyü bildirilir.
Prokurorluq qeyd edib ki, normal şəraitdə T+2 hesablaşma qaydasına əsasən, səhm satışından əldə edilən vəsait iki iş günündən sonra hesaba daxil olmalıdır. Lakin Kayanın səhmləri virman yolu ilə Tera Yatırım Menkul Değerler AŞ-yə köçürülüb və satış məbləği eyni gündə ödənilib.
İstintaq sənədlərində Kayanın Tera Qrupunun rəhbərlərindən Erdin Özəl və İdarə Heyətinin sədri Emre Tezmenlə əlaqələrinin olduğu, həmçinin həmin qrupda investisiya hesabı açdığı vurğulanıb.
Kapital Bazarları Şurasının hesabatında sabiq nazirin səhmlərin qiymətinə və investorların qərarlarına təsir göstərə biləcək, ictimaiyyətə açıqlanmamış məlumatlara malik olduğu qeyd edilib.
Prokurorluq Kayanın səhmləri fondların ləğvi qərarından bir gün əvvəl satmasını və Tera Qrupu rəhbərləri ilə əlaqələrini əsas gətirərək onun qərardan əvvəlcədən xəbərdar olduğu qənaətinə gəlib.
Qeyd edək ki, istintaq çərçivəsində Fatma Betül Sayan Kaya ilə yanaşı, onun həyat yoldaşı İlyas Kaya və Türkiyənin Kapital Bazarları Şurasının sabiq sədri İbrahim Ömer Gönül də ifadə veriblər. Fond əməliyyatlarından 2,1 milyard Türkiyə lirəsi gəlir əldə etdikləri bildirilən Kaya cütlüyü jurnalistlərin ilkin kapitalın 163 milyon lirəlik hissəsinin mənbəyi ilə bağlı suallarını cavablandırmayıb.
Məhkəmənin qərarı ilə Fatma Betül Sayan Kaya həbs edilib. İlyas Kaya və İbrahim Ömer Gönül isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.
Banu
Fotoda Fatma Betül Sayan Kaya